Acarıstan bölgəsində güclü yağıntılar problemlər yaradıb – Uşaq bağçalarında tədris dayandırılıb
Acarıstan bölgəsində güclü qar və yağıntılar bir sıra problemlərə səbəb olub. Həm dağlıq rayonlarda, həm də düzənlik ərazilərdə nəqliyyatın hərəkəti çətinləşib.
InterPress.ge xəbər verir ki, bu barədə Batumi meriyası məlumat yayıb.
Meriyanın məlumatına görə, pis hava şəraiti səbəbindən uşaq bağçalarında tədris prosesi bir günlük dayandırılıb.
"Mövcud əlverişsiz hava şəraiti, gözlənilən fırtına və güclü külək səbəbindən, Batumi şəhərindəki uşaq bağçalarının müəllim və şagirdlərinin təhlükəsizliyini nəzərə alaraq, 24 fevralda tədrisin müvəqqəti dayandırılması qərara alınıb. Bağçalar 25 fevralda yenidən fəaliyyətə başlayacaq" – Batumi meriyası bildirib.
Xulo meriyasının məlumatına görə, güclü qar və çovğun səbəbindən uşaq bağçalarında tədris 26 fevralda bərpa olunacaq.
"Kəskin hava şəraiti, güclü qar, zəif görünmə və çovğun səbəbindən, Xulo bələdiyyəsində bağçaların müəllim və şagirdlərinin təhlükəsizliyini təmin etmək üçün, 24 və 25 fevral tarixlərində tədris prosesi dayandırılacaq. Bağçalar 26 fevralda yenidən açılacaq" – Xulo meriyası açıqlayıb.
Bundan əlavə, Acarıstanın bəzi kəndlərində elektrik enerjisinin verilişi məhdudlaşdırılıb.


