Donald Tramp: “Uzunmüddətli sülh olacaq və ümid edirəm ki, bu, tez bir zamanda baş verəcək”
"Sülhün tez bir zamanda əldə olunmaması onun ümumiyyətlə baş verməməsi ilə nəticələnə bilər."
InterPress.ge xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Böyük Britaniyanın Baş naziri Kir Starmerlə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Jurnalistlər Trampdan NATO-nun 5-ci maddəsini dəstəkləyib-dəstəkləmədiyini və bu maddənin Avropalı sülhməramlıların Ukraynaya göndərilməsi halında tətbiq olunub-olunmayacağını soruşublar.
“Mən NATO-nun 5-ci maddəsini dəstəkləyirəm, lakin düşünmürəm ki, onu tətbiq etməyə ehtiyac yaranacaq. Hesab edirəm ki, biz çox uğurlu və uzunmüddətli bir sülh əldə edəcəyik və ümid edirəm ki, bu, tez baş verəcək.
Əgər sülh tez bir zamanda təmin olunmasa, ümumiyyətlə baş verməyə bilər. Və biz bunu iki əsas səbəbə görə istəyirik. Birinci - insani baxımdan, əsgərlərin atəşə tutulmasını dayandırmaq istəyirəm, çünki əsasən əsgərlər bu müharibədən əziyyət çəkirlər, şəhərlər dağıdılıb.
İkinci - milyardlarla dolların heç vaxt olmamalı olan bir müharibəyə xərclənməsini istəmirəm. Nə Baş nazir Starmer, nə də başqa birisi bunu istəyir”, - deyə Tramp vurğulayıb.
Daha sonra başqa bir jurnalist Trampdan 28 fevralda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı ona “diktator” dediyinə görə üzr istəyib-istəməyəcəyini soruşub.
Tramp isə cavabında bildirib: “Düşünürəm ki, sabah çox yaxşı bir görüşümüz olacaq, biz bir-birimizi yaxşı anlayacağıq. Mən ona böyük hörmət bəsləyirəm. Ukraynaya çoxlu hərbi texnika və böyük məbləğdə vəsait verdik və onlar çox cəsarətlə mübarizə apardılar.
Kimlərsə bu texnikadan istifadə etməli idi və onlar bu baxımdan çox cəsarətli oldular”, - deyə ABŞ Prezidenti əlavə edib.


