Sabah, Parlamentin Hüquq Məsələləri Komitəsi “Xarici Agentlərin Qeydiyyat Aktı” layihəsini birinci oxunuşda müzakirə edəcək.
InterPress.ge xəbər verir ki,layihənin təşəbbüskarlarının bildirdiyinə görə, təqdim edilən sənəd ABŞ-da qüvvədə olan FARA-nın (Xarici Agentlərin Qeydiyyat Aktı) birbaşa, sözbəsöz tərcüməsidir.
Lakin parlamentin hüquq departamenti layihənin təqdim edilməsi zamanı qeyd edib ki, qanunun gürcü dilinə tərcüməsi hüquqi və məzmun baxımından qeyri-dəqiqliklər ehtiva edir və sənəddə nəzərdə tutulmuş dövlət qurumları və vəzifəli şəxslər Gürcüstan reallığına uyğun deyil.
Qanun layihəsi əsasən aşağıdakı məsələləri tənzimləyir:
• Xarici prinsipalın agenti və xarici qüvvə anlayışlarının müəyyən edilməsi;
• Subyektin xarici prinsipalın agenti kimi qeydiyyata alınması;
• Qeydiyyat üçün müraciət və digər sənədlərin ictimaiyyətə açıq olması;
• Qeydiyyatdan keçmiş agentlərin hər il maliyyə bəyannaməsi təqdim etməsi;
• Qeydiyyatdan çıxarılma prosedurları;
• Xarici agentlərin monitorinqi və qanunda nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsinə nəzarət mexanizmləri;
• Qeydiyyatdan yayınan və ya qanunda nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyən şəxslər üçün cinayət məsuliyyətinin müəyyən edilməsi.
Qanun layihəsinin təşəbbüskarları “Gürcü Arzusu” və “Xalqın Gücü” partiyasının deputatlarıdır.
