04 
Mar
2025
15:58
894

Aygül İsayeva: Novruz bayramında azərbaycandilli məktəblərdə istirahət günü olacaq

"Novruz bayramının qeyd edildiyi bələdiyyələrdə 21 Mart dövlət və özəl məktəblərdə istirahət günü olacaq"

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm və Gənclər nazirliyi, ictimai fəal Aygül İsayevaya mövzu ilə bağlı ünvanladığı müraciətinə cavabında qeyd edib.

Nazirliyin cavab məktubunda qeyd edilib ki, azərbaycandilli məktəb və sektorların müraciəti əsasında onlar 21 mart tarixində istirahət etmək hüququ əldə edəcəklər.

Aygül İsayeva məktəb direktorlarına və təhsil resurs mərkəzlərinə onların hüquq və səlahiyyətlərinin başa salınması istiqamətində gördüyü işlər və üzləşdiyi çətinləkləri də paylaşıb:

“Bir neçə ildir ki, təhsil nazirliyinə müraciət ünvanlayıram, nazirliyin cavab məktubunu məktəb direktorları və təhsil resurs mərkəzlərinin rəhbərləri ilə paylaşıb onlara hansı hüquq və səlahiyyətlərinin olmasını izah edirəm. Bütün məktəblərlə hər il əlaqə saxlayıram, məktəb direktorlarına bir-bir zəng edirəm, məktəblərə email göndərirəm, hətta hansı formada müraciət ünvanlanmalıdır həmin formanı da yazıb paylaşıram. Bununla belə hər il hansısa məktəbdə müəyyən problemlər yaşanır. Əvvəlki illərdə, hətta 19-20 mart tarixlərində müəllimlər və direktorlar zəng edib təhsil resurs mərkəzləri tərəfindən onlara 21 mart tarixində istirahət üçün icazə verilmədiyini və onlara köməklik etməyimi xahiş ediblər. Təhsil nazirliyi ilə əlaqə saxlayıb hansı məktəbdə hansı çətinliyin yaşanmasını bildirmişdim və ancaq bundan sonra problem həllini tapımışdır. Təəssüflər olsun ki, süni problemlər hər il hansısa məktəbdə yaşanır. Bu üzdən hər il demək olar ki, bu prosesin uğurla həyata keçirilməsinə nəzarət etməli oluram. Ümid edirəm növbəti illərdə artıq heç bir problem yaşanmayacaq və mənim də hər il təhsil nazirliyinə müraciət etməyimə, məktəblərlə bir-bir əlaqə saxlayıb onlara hüquq və səlahiyyətlərini başa salmağa ehtiyac qalmayacaq”.

Qeyd edək ki, 2009-cu il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.


 

Bizimlə əlaqə saxlayın