Bir ildə readmissiya çərçivəsində 4 173 nəfər Avropa İttifaqından Gürcüstana qaytarılıb
Son bir ildə Avropa İttifaqı (Aİ) ölkələrindən Gürcüstana 4 173 nəfərin readmissiyası təsdiqlənib.
InterPress.ge xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) statistikasına əsasən, 2024-cü ildə ümumilikdə 4 196 readmissiya müraciəti araşdırılıb, bunlardan yalnız 23-ü rədd edilib.
Aİ ölkələri arasında ən çox Gürcüstan vətəndaşının deportasiya edildiyi ölkə Almaniya olub. Konkret rəqəmlər aşağıdakı kimidir:
• Almaniya – 2 537 nəfər
• Fransa – 700 nəfər
• Yunanıstan – 200 nəfər
• İsveçrə – 148 nəfər
• İtaliya – 91 nəfər
• Polşa – 90 nəfər
• İrlandiya – 66 nəfər
• İspaniya – 58 nəfər
• Belçika – 48 nəfər
• Böyük Britaniya – 42 nəfər
• Avstriya – 38 nəfər
• Hollandiya – 37 nəfər
• İsveç – 25 nəfər
Xatırladaq ki, Gürcüstan və Aİ arasında “Sərhədləri qanunsuz keçmiş şəxslərin readmissiyası haqqında” saziş 2011-ci il martın 1-də qüvvəyə minib. Bu sazişə əsasən, Aİ ölkələrində qanunsuz yaşayan Gürcüstan vətəndaşlarının ölkəyə qaytarılması həyata keçirilir.
Sazişə uyğun olaraq, readmissiya və tranzitlə bağlı bütün nəqliyyat xərcləri readmissiya tələbi irəli sürən dövlət tərəfindən ödənilir. Həmçinin, razılaşma üçüncü ölkə vətəndaşlarının da müəyyən şərtlərlə Gürcüstana qaytarılmasını nəzərdə tutur.


