17 
Mar
2025
12:53
165

Tbilisi Məhkəməsində 7 noyabr işi üzrə M. Saakaşvili və keçmiş rəsmilərin məhkəmə prosesi davam edir

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili və onunla birlikdə ittiham olunan keçmiş yüksək vəzifəli şəxslərin 7 Noyabr hadisələri ilə bağlı məhkəmə prosesi davam edir.

InterPrese.ge xəbər verir ki, Saakaşvili məhkəmə iclasına uzaqdan (onlayn) qoşularaq iştirak edir.

Bugünkü iclasda prokurorluğun sübutları araşdırılacaq və bir şahidin ifadəsi dinləniləcək.

Xatırladaq ki, dövlət ittihamı Mixail Saakaşvilini 2007-ci il noyabrın 7-də etiraz aksiyasının zorakılıqla dağıdılması, “İmedi” televiziya kanalına basqın edilməsi və Badri Patarkatsişviliyə məxsus əmlakın qanunsuz ələ keçirilməsi ilə bağlı ittiham edir.

Keçmiş prezidentə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 333-cü maddəsinin üçüncü hissəsi üzrə ittiham irəli sürülüb. Bu maddə vəzifə səlahiyyətlərini aşmaq və bunun nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarına, cəmiyyətin və ya dövlətin qanuni maraqlarına ciddi zərər vurmaq kimi cinayətləri nəzərdə tutur.

Bu ittihama görə, Saakaşvili 5 ildən 8 ilədək azadlıqdan məhrum edilə bilər.

Bu işdə Saakaşvili ilə yanaşı, keçmiş daxili işlər naziri Vano Merabişvili, keçmiş baş prokuror Zurab Adeişvili, keçmiş müdafiə naziri David Kezeraşvili və keçmiş Tbilisi meri Gigi Uqulava da ittiham olunur.

Bizimlə əlaqə saxlayın