24 
Mar
2025
13:50
198

İmamoğlu: "Xalq bu hakimiyyətə unudulmaz bir sillə vuracaq"

Türkiyənin müxalifət partiyası olan "Respublika Xalq Partiyası"nın (CHP) prezidentliyə namizədin müəyyən olunması üçün keçirdiyi partiadaxili praymerizdə rekord səviyyədə seçici fəallığı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu prosesə İstanbulun həbsdə olan meri Əkrəm İmamoğlu da sosial şəbəkə paylaşımı ilə münasibət bildirib:

“Silivri həbsxanasından sizi çox sevindirici bir xəbərlə salamlayıram. Bizim ‘Respublika Xalq Partiyası’nın prezident seçkilərinə namizəd müəyyən etmək üçün keçirdiyi praymerizdə rekord iştirak oldu – 15 milyon vətəndaşımız səs verdi. Hökumətin tiranlığı, dağılmış iqtisadiyyat və qanunsuzluqla yüklənmiş bu ölkədə milyonlarla insan seçki qutularına axışdı. Onlar Ərdoğana ‘Bəsdir!’ dedi. Xalq bu hakimiyyətə unudulmaz bir sillə vuracaq”, – deyə İmamoğlu yazıb.

CHP sədri Özgür Özəl isə bildirib ki, praymerizdə 15 milyon insan səs verib. İstanbulda keçirilən etiraz aksiyasında çıxış edən Özəl qeyd edib ki, bu səslərin təxminən 1.6 milyonu partiya üzvlərinə məxsusdur, qalanı isə İmamoğluna dəstək göstərmək istəyən digər vətəndaşların səsləridir. Onun sözlərinə görə, bu nəticələr erkən seçkilərin qaçılmaz olduğunu sübut edir.

Xatırladaq ki, Türkiyənin müxalifət partiyası CHP 2028-ci il prezident seçkiləri üçün öz namizədini müəyyənləşdirmək məqsədilə həm ölkə daxilində, həm də bir neçə xarici ölkədə seçki qutuları yerləşdirmişdi.

Bizimlə əlaqə saxlayın