25 
Mar
2025
13:39
141

“Milli Hərəkat”ın hakimiyyəti dövrünü araşdıran komissiya Mamuka Xazaradzenin işini prokurorluğa göndərir

Gürcüstan parlamentinin “Vahid Milli Hərəkat”ın hakimiyyət dövrünü araşdıran müvəqqəti istintaq komissiyası “Güclü Gürcüstan” partiyasının lideri Mamuka Xazaradzenin işini prokurorluğa göndərmək qərarına gəlib.

InterPress.ge xəbər verir ki, bu barədə komissiyanın sədri Tea Tsulukiani açıqlama verib.

Onun sözlərinə görə, səbəb Xazaradzenin istintaq komissiyasının iclasına çağırılmasına baxmayaraq ora gəlməməsidir.

“Komissiyanın qarşısına çıxmaqdan imtina etmək cinayət məsuliyyəti daşıyır”, – deyə Tsulukiani bildirib.

Tea Tsulukianinin sözlərinə görə, Mamuka Xazaradze “Magnat” adlı şirkətlə bağlı işə görə ifadə vermək üçün çağırılmışdı. Komissiyanın katibliyi onunla bir neçə gün öncə telefon əlaqəsi yaradaraq, iclasa dəvət edildiyini izah edib.

“Xazaradze isə təəccüblənərək katibliyə sual verib ki, bu işlə nə əlaqəsi var? Daha sonra katiblik ona 11:00-da iclasa gəlməli olduğunu bildirib”, – deyə Tsulukiani qeyd edib.

Buna cavab olaraq, Xazaradze sosial şəbəkədə post yazaraq komissiyanı “sirk” adlandırıb və onun iclasında iştirak etməyəcəyini bəyan edib.

“Təəssüf doğurur ki, Mamuka Xazaradze, burada Cema Leonidze tərəfindən danışılan ağır hekayələr fonunda, komissiyanı sirk adlandırır və iştirakdan imtina edir”, – Tsulukiani əlavə edib.

Onun sözlərinə görə, Gürcüstan Cinayət Məcəlləsinin 349-cu maddəsinə əsasən, komissiyanın çağırışına məhəl qoymamaq və ya tələblərini yerinə yetirməmək cinayət məsuliyyəti daşıyır və bir ilə qədər həbs cəzası nəzərdə tutur.

“Bizim zarafata vaxtımız yoxdur. Mamuka Xazaradzenin işi prokurorluğa göndərilir”, – deyə Tsulukiani vurğulayıb.

Komissiyanın iclasında biznesə təzyiq faktlarından biri – “Magnat” işi müzakirə olunurdu. Cema Leonidze Gürcüstanda “Magnat” adlı yanacaqdoldurma məntəqələri şəbəkəsinin sahibi olub. Mətbuatda yayılan məlumatlara görə, “Vahid Milli Hərəkat” hakimiyyətdə olduğu dövrdə Leonidzenin əmlakı əlindən alınıb və özü həbs edilib. O, sonradan siyasi məhbus statusu ilə həbsdən azad edilib və müsadirə olunmuş əmlakının geri qaytarılmasını tələb edib.

Leonidze, keçmiş hakimiyyətin yüksək vəzifəli şəxsləri ilə yanaşı, Mamuka Xazaradzeni də mülkiyyətinin əlindən alınmasında ittiham edib.

İclasda “Güclü Gürcüstan” liderləri Mamuka Xazaradze və Badri Japaridze də çağırılmışdı. Lakin Xazaradze komissiyanı sirk adlandıraraq, iclasa gəlməkdən imtina edib.

Bizimlə əlaqə saxlayın