
Air Serbia Gürcüstan aviasiya bazarına daxil olur – Belqrad və Tbilisi arasında birbaşa uçuşlar başlayır
2025-ci il iyunun 15-dən etibarən Gürcüstanın aviasiya bazarına yeni Avropa aviaşirkəti – Air Serbia daxil olacaq.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Hava Limanları Birliyi yayıb.
Qurumun məlumatına görə, aviaşirkət Belqrad-Tbilisi və əks istiqamətdə həftədə üç dəfə birbaşa müntəzəm uçuşlar həyata keçirəcək. Uçuşlar Airbus A319 təyyarələri ilə yerinə yetiriləcək.
Gürcüstan Hava Limanları Birliyinin baş direktoru Levan Mosiaşvilinin sözlərinə görə, indiyə qədər Gürcüstan və Serbiya arasında birbaşa müntəzəm aviareys olmayıb.
“Sevindirici haldır ki, Gürcüstanın aviasiya bazarına Serbiyanın aparıcı aviaşirkəti – Air Serbia daxil olur. Gürcüstan Hava Limanları Birliyi şirkətlə bir neçə ildir ki, danışıqlar aparırdı və son dövrdə bu proses daha intensiv xarakter aldı. Müzakirələrin yekun mərhələsində Tbilisi və Batumi hava limanlarının operatoru TAV Georgia da iştirak etdi. Nəticədə yay naviqasiya mövsümündə iki paytaxt arasında həftədə üç birbaşa uçuşun həyata keçirilməsi barədə razılığa gəldik. Aviaşirkət **Belqrad-Tbilisi marşrutu üzrə uçuşları il boyu davam etdirəcək”, – deyə Mosiaşvili bildirib.