Zuqdididə narkotik cinayəti ilə bağlı 4 xarici vətəndaş saxlanılıb
Sameqrelo-Zemo Svaneti Polis Departamentinin Zuqdid rayon şöbəsinin əməkdaşları keçirdikləri operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində narkotik cinayəti ittihamı ilə Azərbaycan, Türkiyə və Rumıniya vətəndaşı olan dörd nəfəri saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
DİN-in yaydığı məlumata əsasən, onlara qarşı irəli sürülən ittiham 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.
Saxlanılan şəxslər 1993-cü il təvəllüdlü D.A., 1994-cü il təvəllüdlü A.E., 1986-cı il təvəllüdlü A.V., 1996-cı il təvəllüdlü N.M.-dır.
Polis saxlanılan şəxslərin üzərində və avtomobillərində axtarış aparıb və xüsusilə böyük miqdarda – 54 paket halında qablaşdırılmış kokain və metadon aşkar edərək maddi sübut kimi götürüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsinin “a” bəndi (xüsusilə böyük miqdarda narkotik maddənin qanunsuz əldə edilməsi və saxlanılması) ilə istintaq aparılır.


