Uşaq sahibi olmaq istəyən ailəni aldadaraq böyük məbləğdə vəsaiti ələ keçirən şəxsə qarşı ittiham irəli sürülüb
Gürcüstan Prokurorluğu surroqat ana vasitəsilə uşaq dünyaya gətirməkdə kömək və guya doğulan iki körpənin müalicəsi adı ilə böyük məbləğdə vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən bir şəxsə qarşı ittiham irəli sürüb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Prokurorluğu yayıb.
Onların bildirdiyinə görə, Daxili İşlər Nazirliyinin apardığı istintaq nəticəsində müəyyən olunub ki, təqsirləndirilən şəxs zərərçəkmiş ər-arvada surroqat ana vasitəsilə uşaq sahibi olmaqda kömək vəd edib. Sonradan isə guya hamilə olan surroqat anaların ehtiyacları və daha sonra guya doğulan iki yeni doğulmuş körpənin müalicəsi adı ilə zərərçəkənlərdən dələduzluq yolu ilə 310 727 lari və 15 500 ABŞ dolları məbləğində pul alıb.
“Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsi 3 aprel tarixində saxlayıb. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi (böyük məbləğdə dələduzluq) ilə ittiham irəli sürülüb. Bu maddə 6 ildən 9 ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün qanunla müəyyən olunmuş müddət ərzində məhkəməyə müraciət edəcək.
Daxili İşlər Nazirliyi bu cinayət işi üzrə istintaqı davam etdirir,” – deyə yayılan məlumatda bildirilir.


