17 
Apr
2025
11:17
298

Azərbaycanlı jurnalist həbsdən azad edildi

 

Azərbaycanlı jurnalist Afqan Sadıqov 16 aprel tarixində Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə həbsdən azad edilib. Prokurorluğun vəsatəti əsasında onun barəsində tətbiq olunan ekstradisiya həbsi 5 000 lari məbləğində girovla əvəz olunub.

InterPress.ge xəbər verir ki, bu barədə “İctimai Ədalət Mərkəzi”  məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 17 aprel tarixində saat 13:00-da İctimai Ədalət Mərkəzi Afqan Sadıqovla birgə mətbuat konfransı keçirəcək. Konfransda jurnalistin mövqeyi, tələbləri və çağırışları açıqlanacaq.

Gürcüstan qanunvericiliyinə əsasən, ekstradisiya məqsədilə həbsin maksimal müddəti 9 aydır. Afqan Sadıqovun həbsi 2025-ci il 3 mayda başa çatmalı idi. Buna görə də prokurorluq məhkəməyə həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müraciət edib.

Təşkilat bildirir ki, onlar ümumiyyətlə Afqan Sadıqovun barəsində hər hansı qətimkan tədbirinin tətbiq olunmamasını tələb edirdilər, lakin məhkəmə bu vəsatəti qəbul etməyib və girov tətbiqinə qərar verib.

Tbilisi Məhkəməsinin qərarı Avropa İnsan Hüquqları Məhkəməsinin 27 fevral 2025-ci il tarixli qərarına əsaslanıb. Həmin qərarla Gürcüstan hökumətinə jurnalistin Azərbaycana ekstradisiyası qadağan edilib. Afqan Sadıqovun ekstradisiyası yalnız Avropa Məhkəməsi iş üzrə əsas qərar çıxardıqdan sonra mümkün ola bilər, bu isə illərlə çəkə bilər.

İctimai Ədalət Mərkəzi jurnalistin hüquqlarının müdafiəsini davam etdirəcəyini və Afqan Sadıqovun azad olunmasından məmnun olduqlarını bildirib, ona və ailəsinə dəstəyini bir daha ifadə edib.

 

Bizimlə əlaqə saxlayın