.jpeg)
Kobaxidze: Gürcüstan tam suveren dövlətdir, “dərin dövlət” dövrü arxada qalıb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze yerli televiziyaya açıqlamasında Avropa İttifaqının sovet metodlarına əl atdığını, ölkəsinin “dərin dövlət” dövrünün geridə qaldığını söyləyib.
InterPress.ge xəbər verir ki, hökumət başçısı “Rustavi 2” telekanalına verdiyi ardıcıl açıqlamalarda ölkənin daxili siyasi vəziyyəti, suverenlik məsələləri və Avropa İttifaqı ilə münasibətlərə dair bəyanatlar verib.
Kobaxidze bildirib ki, qarşıdan gələn bələdiyyə seçkiləri müxalifətin real vəziyyətini üzə çıxaracaq və iqtidarın üstünlüyünü bir daha təsdiqləyəcək:
“Mövcud müxalifətin vəziyyəti hər kəsə bəllidir. Bu seçkilər göstərəcək ki, Gürcüstan cəmiyyətinin böyük əksəriyyəti harada dayanır. Onların seçkidə iştirak etməsi və ya etməməsi bizim üçün əhəmiyyət daşımır. Hər iki halda da, 64 bələdiyyənin hamısında həm meri, həm də icma seçkilərində qələbə bizim olacaq”, – Baş nazir vurğulayıb.
Ölkənin suverenliyi ilə bağlı danışan İrakli Kobaxidze 2021-ci ilə qədər Gürcüstanın ciddi xarici təsir altında olduğunu, xüsusilə Giorgi Qaxarianın “dərin dövlət” ilə kompromis nəticəsində Baş nazir təyin edildiyini bildirib:
“2021-ci ilin fevralına qədər bizə “dərin dövlət”in agentini Baş nazir postunda saxlamaq tələbi qoyulurdu. Bu bizim suverenliyimizin nə qədər zəif olduğunu göstərirdi. Lakin son 3-4 ildə biz ölkəyə praktiki olaraq keyfiyyətli suverenliyi qaytara bildik”.
Avropa İttifaqı ilə vizasız rejimin ləğvinin sadələşdirilməsi barədə yayılan məlumatlara da münasibət bildirən Baş nazir qeyd edib ki, bu qərar Gürcüstana qarşı yönəlməyib və ümumilikdə 61 ölkəni əhatə edir. O bəzi dairələrin bu məsələdən siyasi manipulyasiya üçün istifadə etdiyinə diqqət çəkib:
“Daimi şantaj sovet üsuludur. Təəssüf ki, bu sovet mentaliteti Brüssel bürokratiyasında hələ də geniş yayılıb. Onlar Gürcüstanı hələ də Sovet Sosialist Respublikası kimi görürlər. Halbuki bu gün Gürcüstan müstəqil və suveren dövlətdir və bu, dəyişməz qalacaq”.
Qeyd edək ki, “dərin dövlət” (derin devlet) termini Türkiyədə hərbi, xüsusi xidmət orqanları və mafiya ilə əlaqəli hakimiyyət daxilindəki kölgə strukturlarını təsvir etmək üçün istifadə edilir. Sonradan bu konsepsiya ABŞ-də populyarlıq qazanıb, Donald Tramp bu terminə bürokratik aparatı onun siyasətini sabotaj etməkdə günahlandırmaq üçün müraciət edir. Reallıqda belə nəzəriyyələr hakimiyyət mexanizmlərinin real izahından daha çox siyasi mübarizə və manipulyasiya aləti kimi xidmət edir.