
Gia Volski: Azərbaycanla strateji əməkdaşlıq təkcə bizim üçün deyil, bütün dünya üçün maraqlıdır
Azərbaycanla strateji əməkdaşlıq təkcə Gürcüstan üçün deyil, beynəlxalq ictimaiyyət üçün də maraqlıdır.
InterPress.ge xəbər verir ki, bunu parlamentin birinci vitse-spikeri Giorgi Volski Prezident Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfərini şərh edərkən deyib.
O, bu səfəri mühüm hadisə kimi qiymətləndirib və bildirib ki, Prezidentin Azərbaycana səfəri çox əhəmiyyətlidir.
"Ümumiyyətlə, Azərbaycanla strateji əməkdaşlıq məsələsi gündəmdədir. Bu, yalnız bizim üçün deyil, bütün dünya üçün maraq doğurur. Prezident İlham Əliyevin son açıqlamasında da qeyd olunduğu kimi, bu, aparıcı dövlətlərin və beynəlxalq birliklərin də maraq dairəsində olan məsələlərdəndir”, – deyə G.Volski qeyd edib.
Xatırladaq ki, Prezident Mixeil Kavelaşvili bu həftə Azərbaycana ikigünlük səfəri çərçivəsində Prezident İlham Əliyev, Baş nazir Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşlər keçirib. Görüşlər həm təkbətək, həm də geniş formatda baş tutub.