
Aqil Mustafayev: “Ədalət yox, hakimiyyətin maraqları qorunur”
"Güclü Gürcüstan" koalisiyasının üzvü və "Lelo" partiyasının Kvemo Kartli nümayəndəsi Aqil Mustafayev Marneuli şəhərində və kəndlərində keçirilən etiraz aksiyalarına münasibət bildirib.
InterPress.ge xəbər verir ki, o bu barədə sosial şəbəkədə paylaşım edib.
Onun sözlərinə görə, bu günlərdə Marneuli şəhərində və kəndlərində keçirilən etiraz aksiyaları illərdir toplanmış narazılıqların nəticəsidir.
"Bu günlərdə Marneuli şəhərində və kəndlərində keçirilən etiraz aksiyaları sadəcə infrastruktur problemlərinə qarşı deyil. Bu, illərdir toplanmış narazılığın, boğulmuş səsin,cavabsız qalmış ümidlərin nəticəsidir. Xalq yol istəyir, su istəyir, ədalət istəyir. Amma ən əsası – xalq qiymət görmək, dəyər verilmək istəyir!
Bugünkü yerli hakimiyyətin büdcəsi 70 milyon lariyə qədər artıb. Bu, Marneuli tarixi boyunca bəlkə də ən yüksək büdcədir. Amma bu pulların nəticəsi haradadır?
Şəhərin daxili yolları bərbad vəziyyətdədir. Avtomobillər çuxurlardan keçə bilmir, piyadalar toz-torpaq içində gəzir.
Kanalizasiya sistemi illərdir başladılıb, amma hələ də tam başa çatdırılmayıb. Yağış yağanda küçələr gölə çevrilir, kanalizasiya sularının küçəyə axması adi hala çevrilib.
Şəhərin mərkəzində tıxaclar artıq dözülməz hal alıb. Kiçik bir şəhərdə nəqliyyat bu qədər xaotik olmamalıdır.
Kəndlərdə yolların olmaması, ictimai nəqliyyatın zəifliyi insanları şəhərdən təcrid edib.
Nə üçün bu qədər vəsaitlə bu qədər problem hələ də həll olunmur? Nə üçün kəndlərimizdə insanlar hələ də palçıq içindədir?
Yerli bələdiyyə deputatlarının böyük əksəriyyəti xalqın problemlərini nəinki həll edir, heç dilə gətirməyə də cəsarət etmir. Onlar danışmaqdan qorxurlar – çünki qorxudulurlar. Onlar xalqın səsini deyil, rəhbərlərin göstərişlərini əsas götürürlər. Onların səssizliyi bizim səsimizin boğulması deməkdir.
İctimai nəzarət yoxdur, şəffaflıq yoxdur, hesabatlılıq yoxdur. Heç kim nəyə, necə qərar verildiyini bilmir. Qapalı otaqlarda, gizli razılaşmalarla gələcəyimizə qərar verilir. Alternativ səslər isə ya boğulur, ya da gözdən salınır. Bu sistemin içində xalqın haqqı yox, hakimiyyətin marağı qorunur.
Bəs biz nə edirik? Hələ də eyni adamlara, eyni sistemə səs veririk ?! Sonra da şikayət edirik – “hakimiyyət bizi eşitmir.” Amma əvvəlcə özümüzü dinləməliyik. Bizə dəyər verməyənlərə səs verərək gələcəyimizi öz əlimizlə əlimizdən alırıq."- Aqil Mustafayev yazıb.