Gürcüstanın əhalisinin sayı 3,7 milyona çatıb
2025-ci il yanvarın 1-nə olan vəziyyətə əsasən, ölkənin əhalisi 3 704,5 min nəfər təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,9 min nəfər çoxdur.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti (Sakstat) məlumat yayıb.
Sakstat-ın yaydığı məlumata əsasən, 2024-cü ildə mənfi təbii artım (-4 488 nəfər) və müsbət miqrasiya saldosu (14 386 nəfər) qeydə alınıb.
Məlumata görə, əhalinin 61.5%-i şəhər yaşayış məntəqələrində yaşayır. Tbilisinin əhalisi isə ümumi əhalinin üçdə birindən çoxunu təşkil edir.
2025-ci ilin əvvəlinə:
0–14 yaş qrupunun payı əhalinin 19.2%-ni,
15–64 yaş arası, yəni əmək qabiliyyətli yaşda olanların payı 64.2%-ni,
65 və yuxarı yaşda olanların payı isə 16.6%-ni təşkil edir.
Əhalinin 1 774,5 mini kişi, 1 920,1 mini isə qadındır. Yəni əhalinin 48%-i kişi, 52%-i isə qadındır. Hər 100 qadına 93 kişi düşür. 40 yaşına qədər kişi əhalisinin sayı qadınlardan çoxdur, 40 yaşdan sonra isə qadınlar üstünlük təşkil edir ki, bu da qadınların daha uzun ömürlülüyü ilə izah olunur.
2024-cü ildə orta gözlənilən ömür uzunluğu dəyişməz qalıb – 74.9 il. Kişilər üçün bu göstərici 70.5 il, qadınlar üçün isə 79.3 il təşkil edir. Ölkə əhalisinin median yaşı 39 ildir.
Eyni ildə ölkəni tərk edənlərin (emiqrantların) sayı 121 425 nəfər olub ki, bu da əvvəlki illə müqayisədə 50.5% azdır. İmmiqrantların sayı isə 34% azalaraq 135 811 nəfər təşkil edib. Onların müvafiq olaraq 85.8%-i və 85.6%-i əmək qabiliyyətli yaşda olan şəxslərdir.
İmmiqrantların 48.2%-i, emiqrantların isə 53.2%-i Gürcüstan vətəndaşı olub.


