01 
May
2025
12:55
298

“Mtavari Arxi” televiziyası fəaliyyətini dayandırdı

“Mtavari Arxi” televiziya kanalı bu gündən etibarən yayımını tamamilə dayandırıb.

InterPress.ge xəbər verir ki, bu barədə  kanalın rəsmi “Facebook” səhifəsində yayımlanan bəyanatda bildirilib.

“Kanalımız, təəssüf ki, Gürcüstan tarixində dəfələrlə baş verən bir hadisənin qurbanı oldu – bizi xarici düşmən yox, daxili zərbə məğlub etdi. Bizi məhz o şəxs dağıtdı ki, vaxtilə bu möhkəm divarların inşasında bizə kömək edirdi”, – bəyanatda deyilir.

“Mtavari Arxi" bildirib ki, quruculardan biri şəxsi məqsədlər və qisas hissi ilə kanalı bağlanma həddinə çatdırıb və bununla da “Rusiya rejiminə böyük xidmət göstərib”.

Hazırda yalnız kanalın rəqəmsal departamenti – sosial şəbəkələr və veb-sayt fəaliyyətini davam etdirir.

“Bu 5 il 8 ay ərzində əsas siz idiniz – bizim tamaşaçılarımız, gürcü cəmiyyəti və bizi birləşdirən dəyərlər. O dəyərlər ki, bizi bura qədər gətirdi, Avropanın və dünyanın ləyaqətli üzvü olmağımız üçün vacibdir və hansı ki, ‘Gürcü Arzusu’ onları addım-addım məhv edir.

Biz çox mübarizə apardıq. Kanalın fəaliyyəti ilk gündən asan olmayıb. Çox çətinliklərdən keçdik, bir çox uğurlar qazandıq, səhvlərimiz də oldu, lakin hətta ən ağır böhran dövrlərində də onları düzəltmək üçün gücümüzü əsirgəmədik. Dəfələrlə bağlanma həddində idik, lakin hər bir əməkdaşımızın fədakarlığı, sıravi insanların və tərəfdaşlarımızın dəstəyi, bəzən sizin göndərdiyiniz cəmi bir lari ilə, həmişə ayaqda qala bildik və Gürcüstanın ən nüfuzlu və reytinqli tənqidi kanal statusunu qoruduq.

Biz həqiqətən mümkünsüzə dözdük, amma, təəssüf ki, bizi daxildən məhv etdilər. Bizə kömək edənlərdən biri şəxsi məqsədlərlə kanalı bağlanma həddinə gətirdi və bununla rus rejiminə böyük xidmət göstərdi.

Hazırda yalnız rəqəmsal departamentimiz – sosial şəbəkələr və veb-saytımız fəaliyyət göstərir. Televiziya yayımını davam etdirmək üçün artıq imkanımız qalmayıb.

Bizə baxdığınız və qulaq asdığınız üçün təşəkkür edirik. Kadr önündə və kadr arxasında olan bütün komanda əvvəlki dəyərlərlə mübarizəni davam etdirəcək. Sizin – gürcü xalqının və Gürcüstanın yanında olacağıq.

Görüşənədək”, –  bəyanatda deyilir.

Bizimlə əlaqə saxlayın