
Gürcüstanın ali təhsil müəssisələrində gürcü dilinin tədrisi məcburi olacaq
Gürcüstan Parlamentində “Ali Təhsil haqqında”qanuna dəyişikliklər müzakirə olunur.
InterPress.ge xəbər verir ki,,dəyişikliyə əsasən, ölkənin ali təhsil müəssisələrində bakalavr səviyyəsində gürcü dili tədrisi 2025-ci il sentyabrın 1-dən məcburi olacaq.
Yeni qayda yalnız 2025-ci il avqustun 1-dən sonra universitetlərə qəbul olunan tələbələrə şamil ediləcək.
Məsələ ilə bağlı Parlamentin Təhsil, Elm və Gənclər Komitəsinin sədri Givi Mikanadze bildirib ki, universitetlərin tədris planlarını hazırlaması üçün iki aydan artıq vaxtları olacaq. Onun sözlərinə görə, bu müddət Təhsil Nazirliyinə kursun keçirilməsi qaydalarını təsdiqləmək və universitetlərin bu qaydalara əsaslanaraq müvafiq sillabuslar hazırlaması üçün kifayət edəcək.
“Qanuna daxil edilən dəyişikliklərlə Gürcüstandakı bütün gürcü dilli ali təhsil müəssisələrində bakalavr səviyyəsində gürcü dili tədrisi məcburi olur. Bu qayda yalnız 2025-ci il avqustun 1-dən sonra qəbul olunan tələbələrə tətbiq ediləcək. Əvvəl qəbul olunanlara şamil olunmayacaq. Kursun keçirilməsi qaydaları hazırlanacaq, universitetlər buna əsaslanaraq sillabuslar hazırlayacaq və müvafiq müəllimlərin cəlb edilməsi təmin ediləcək,” – deyə Mikanadze bildirib.
Dəyişikliklər həmçinin Abxaziya Muxtar Respublikası ərazisində abxaz dilinin tədrisini də nəzərdə tutur. “Bu dəyişikliklə biz bir daha vurğulayırıq ki, abxaz dili bizim üçün çox dəyərlidir,” – deyə Mikanadze əlavə edib.