
“TV Pirveli” nin jurnalistinə və operatoruna hücum edilib
Marneulinin yaxınlığında yerləşən Martqopi qəsəbəsində “TV Pirveli” telekanalının çəkiliş qrupuna hücum edilib.
InterPress.ge xəbər verir ki, telekanalın jurnalisti Mariam Makasarashvili və operator fiziki zorakılığa məruz qalıblar.
Məlumata görə, hücum edən şəxs Gürcüstanın keçmiş vitse-qubernatoru Giorgi Shinjikaşvilinin atası olub.
Jurnalistin sözlərinə görə, insident onların keçmiş vitse-qubernatorun evinə sual vermək məqsədilə getdikdən sonra baş verib. Shinjikaşvili bir neçə saat öncə sosial şəbəkədə vəzifədən getdiyini açıqlamışdı. Məlumata görə, ailə üzvləri ilə görüş zamanı Shinjikaşvilinin atası jurnalistlərlə əvvəlcə dialoq qurub və müsahibə verib, lakin daha sonra qəfil aqressiv davranıb.
“Operatorumdan telekanala məxsus çəkiliş kamerasını zorla aldı. Mənə də fiziki təzyiq göstərdi, mobil telefonumu əlimdən aldı və hətta üzümə zərbə də endirdi”, – deyə Mariam Makasarashvili bildirib.
“TV Pirveli”nin çəkiliş qrupu hadisə yerinə polis çağırıb, lakin jurnalistlərin sözlərinə görə, hüquq-mühafizə orqanları hələ də olay yerinə gəlməyib.
Kanalın xəbər xidmətinin rəhbəri Nodar Meladze insidentə sosial şəbəkə üzərindən reaksiya verərək bildirib: “Ölkədə tam hüquqi xaos hökm sürür! Jurnalistə hücum edilib, texnika zorla alınıb, polis isə hələ də görünmür”.
Qeyd edək ki, Giorgi Shinjikaşvili Kvemo Kartli bölgəsində dövlət nümayəndəsinin (gubernatorun) birinci müavini vəzifəsindən istefa verib. Onun Xüsusi Tapşırıqlar Departamentinin rəhbəri Zviad Kharazishvili ilə münaqişəsi olduğu iddia olunur. Shinjikaşvili vəzifədən şəxsi qərarla getdiyini bildirib, lakin səbəbləri açıqlamayıb.