Parlament diplomatik xidmətdə dəyişiklik layihəsini təsdiqləyib
Parlament diplomatik xidmətdə nəzərdə tutulan dəyişikliklər layihəsini təsdiqləyib.
InterPress.ge xəbər verir ki, hökumətin təşəbbüsü ilə təqdim olunan qanun layihəsi üçüncü oxunuşda 87 səslə yekdilliklə qəbul edilib.
Diplomatik xidmətin dəyər və prinsiplərinə yeni normalar əlavə edilir ki, bunlara riayət olunması diplomatik xidmətdə çalışanlar üçün vacibdir. Yeni norma - “diplomatik xidmət və ictimai maraqların müdafiəsi prinsiplərinə əsaslanan xidməti vəzifələrin vicdanla yerinə yetirilməsi”dir.
Bundan başqa, diplomatik xidmətin prinsipləri sırasına ümumi etika və davranış qaydalarına sarsılmaz riayət prinsipi də əlavə edilib. Xarici işlər naziri diplomatik xidmətdə ümumi etika və davranış qaydalarını inzibati hüquqi aktla təsdiq edəcək.
“Diplomatik xidmət haqqında” qanuna edilən dəyişikliklər çərçivəsində diplomatik xidmətdə çalışan diplomatik vəzifəli şəxslər və inzibati heyət digər dövlət qulluqçuları kimi ildə ən azı iki dəfə qiymətləndiriləcək.
Diplomatik nümayəndəlikdə və ya konsulluqda növbəli iş tapşırığına vaxtından əvvəl xitam verilməsinin əsaslarına yeni müddəa əlavə edilib ki, ona görə ezam olunmuş şəxs tərəfindən ümumi etika və davranış qaydalarının pozulması ölkənin mənafeyinə və imicinə xələl gətirərsə və ya Gürcüstan Parlamenti tərəfindən müəyyən edilmiş xarici siyasətin əsas istiqamətlərinə zidd hərəkətlər törədərsə, bu, şəxsin vaxtından əvvəl geri çağırış üçün əsas olacaq.
Ümumi etika və davranış qaydalarını pozduqlarına görə uzunmüddətli ezamiyyətdən kənarlaşdırılan şəxslər diplomatik xidmət ehtiyatına daxil olan şəxslər sırasına daxil ediləcəklər.
Həmin qanun layihəsində diplomatik nümayəndəlik rəhbərinin, diplomatik vəzifəli şəxslərin və inzibati personalın rotasiya müddətinin 6 ay deyil, 1 ilədək uzadılmasının mümkünlüyü nəzərdə tutulur.


