15 
May
2025
13:32
814

Ramal Əhmədovdan açıqlama: "Ayrı-seçkilik laqeydlik, Aytacın ölümü hakimiyyətin utancıdır"

Marneuli Bələdiyyəsinin deputatı Ramal Əhmədov 21 yaşlı Aytac Məmmədovanın faciəli ölümü ilə bağlı sosial şəbəkə vasitəsilə bəyanat yayıb.

InterPress.ge xəbər verir ki,  o bu barədə Meta (Facebook) sosial şəbəkəsində qeyd edib.

O, hadisə ilə bağlı dövlət qurumlarının və aidiyyəti instansiyaların göstərdiyi səssizlik və laqeydliyi tənqid edib.

Əhmədov bildirib ki, Aytacın faciəsi təkcə bir ailənin deyil, bütöv cəmiyyətin dərdidir. Onun sözlərinə görə, bu faciəni daha da dözülməz edən məqam – dövlətin məsələyə qarşı nümayiş etdirdiyi utancverici səssizlik və biganə münasibətdir.

“Aytacın meyiti Kür çayında təsadüf nəticəsində tapıldı. Bəli, təsadüf nəticəsində! Çünki artıq onu heç kim axtarmırdı. Bu, vicdan sahibi olan hər kəs üçün qəbuledilməz haldır,” – deyə deputat vurğulayıb.

Ramal Əhmədov insan həyatının dəyəri sualını ortaya qoyaraq bildirib ki, Aytacın unudulması və ailəsinin 40 gün ərzində heç bir cavab almaması, rəsmi qurumların məsuliyyətdən yayınması ciddi narahatlıq doğurur.

O, Aytacın azərbaycanlı olduğunu xüsusi qeyd edərək bildirib ki, bu ölkədə vətəndaşların taleyi bəzən etnik mənsubiyyətinə görə fərqli şəkildə yazılır:

“Bu, sadəcə ayrı-seçkilik deyil – bu, hakimiyyətin etnik azlıqlara qarşı susqun və məsuliyyətsiz münasibətinin bariz nümunəsidir! Bu bir qızın yoxluğuna göstərilən laqeydlik deyil – bu, bütöv bir icmanın göz ardı edilməsidir.”

Əhmədov sonda cəmiyyətə çağırış edərək sual edib: “Unutmayın: bu gün Aytac idi. Sabah kim? Və biz hələ də susacağıq?”

Bizimlə əlaqə saxlayın