21 
May
2025
12:52
170

Kobaxidze Trampa ünvanladığı məktubla bağlı: “Cavab gəlməyib, amma susqunluq da bizim üçün mühüm cavabdır”

"Hələlik cavab almamışıq, lakin susqunluq da bizim üçün önəmli cavabdır."

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze jurnalistlərin ABŞ prezidentinə ünvanladığı açıq məktuba dair sualını cavablandırarkən bildirib.

Kobaxidze eyni zamanda qeyd edib ki, ABŞ Konqresində təqdim olunan “MEGOBARI Aktı” gürcü xalqına qarşı düşməncəsinə yönəlmiş addımdır:

“Bu, çox kobud müdaxilədir və hesab edirəm ki, tamamilə qeyri-effektivdir. Hər kəs gürcü xalqının seçiminə, Gürcüstanın suverenliyinə və müstəqilliyinə hörmət etməlidir. ‘MEGOBARI Aktı’ gürcü xalqına, Gürcüstanın müstəqilliyinə və suverenliyinə qarşı yönəlmiş düşmən addımdır,” – deyə baş nazir vurğulayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl İrakli Kobaxidze ABŞ prezidenti Donald Trampa və vitse-prezident Cey Di Vensə açıq məktubla müraciət etmişdi. Məktubda o, Gürcüstan hökumət nümayəndələrinə qarşı tətbiq olunan sanksiyalara toxunur və ABŞ administrasiyasının bu addımını sərt şəkildə tənqid edir. O, həmçinin bildirir ki, Tramp administrasiyası Baydenin qərarlarını tənqid etsə də, bu “cinayətkar qərarları” hələ də ləğv etməyib.

Kobaxidzenin sözlərinə görə, Gürcüstan hökuməti ilə ABŞ administrasiyası arasında dəyərlər baxımından tam uyğunluq mövcuddur. O, həmçinin ABŞ-da “deep state” (dərin dövlət) anlayışına da toxunaraq, ümid etdiyini bildirib ki, ABŞ administrasiyası “dərin dövləti” məğlub edə biləcək. “Bu isə Gürcüstan-Amerika münasibətlərinin yenidən başlanmasına və strateji tərəfdaşlığın bərpasına mütləq təsir edəcək,” – deyə Kobaxidze qeyd edib.

Bizimlə əlaqə saxlayın