Tbilisidə ev heyvanlarının sahiblərinə yoxlamalar tətbiq olunacaq
Tbilisi şəhərində Ev Heyvanlarının Monitorinq Agentliyi ev heyvanlarına qulluq və sahiblərinin məsuliyyətinin artırılması məqsədilə “Qapı-qapı” adlı proqram həyata keçirir.
InterPress.ge xəbər verir ki,bu barədə Agentliyin direktoru Giorgi Kobiaşvili “Mediatsentr Mtavari”yə məlumat verib.
Proqram çərçivəsində agentliyin əməkdaşları evlərə baş çəkəcək və it, pişik kimi ev heyvanlarının sahiblərinin qanunla nəzərdə tutulmuş öhdəlikləri – çipləmə, sterilizasiya-kastrasiya və peyvəndləmə – yerinə yetirib-yetirmədiklərini yoxlayacaqlar. Qeyd olunur ki, proqram yalnız evində heyvan saxlayan şəxslərə şamil olunur, sahibsiz heyvanlara müvəqqəti baxanlara aid deyil.
Giorgi Kobiaşvilinin sözlərinə görə, yoxlamalar nəticəsində xüsusi elektron baza yaradılacaq. Baza vasitəsilə heyvan sahibləri, onların ünvanları, aşkar olunmuş pozuntular və bu pozuntuların aradan qaldırılması prosesi izləniləcək.
Çipləmə və qeydiyyat xidmətləri sahiblərin ünvanında həyata keçiriləcək və çipin dəyəri kimi sadəcə 19 lari ödəniş tələb olunacaq.
Proqramın ilk mərhələsində sahiblərə məlumat veriləcək, pozuntu aşkar olunduqda xəbərdarlıq ediləcək. Əgər sahiblər pozuntunu aradan qaldırmasalar, Tbilisi Şəhər Bələdiyyəsinin qərarına əsasən, cərimə olunacaqlar.
Proqram 23 maydan başlayacaq və ilin sonunadək davam edəcək.


