Bolnisidə 28 May Müstəqillik Günü qeyd edilib - FOTO
Bolnisi rayonunun Arxılı kəndində 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təntənəli tədbir təşkil olunub.
InterPress.ge xəbər verir ki, tədbir Arxılı İcma Mərkəzində baş tutub və burada kənd məktəbinin şagirdləri fəal iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca məktəblilər Vətən sevgisini, azadlıq arzularını və xalqın milli dəyərlərə bağlılığını əks etdirən şeirlər səsləndiriblər. Şagirdlərin ifasında milli rəqslər nümayiş olunub və Azərbaycanın dövlət müstəqilliyinin əhəmiyyətini vurğulayan təqdimatlar keçirilib.
Tədbir Arxılı İcma Mərkəzinin direktoru və eyni zamanda məktəbin gürcü dili müəllimi Çinarə Nəbiyevanın təşəbbüsü ilə təşkil olunub.
Çinarə Nəbiyeva çıxışında bildirib ki, bu cür tədbirlərin keçirilməsi uşaqların milli dəyərlərə sahib çıxması və öz kimliklərini heç vaxt unutmayaraq gələcək nəsillərə ötürməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, gənclərin milli şüurun formalaşdırılması, tarixə və mədəni irsə hörmətin aşılanması cəmiyyətin inkişafı üçün mühüm amillərdən biridir.
Tədbir iştirakçıları da öz çıxışlarında Azərbaycanın dövlət müstəqilliyinin xalqın qürur mənbəyi olduğunu qeyd edərək, bu əlamətdar günün gələcək nəsillərin şüurunda həmişə xüsusi yer tutacağını vurğulayıblar.
Sonda tədbir iştirakçıları bir daha Azərbaycanın dövlət müstəqilliyi uğrunda canından keçən şəhidləri yad edib, onların xatirəsinə hörmətlərini ifadə ediblər.


