Qalidə Türkiyə və Azərbaycan vətəndaşları saxlanılıb
İşğal rejimi Türkiyə və Azərbaycan vətəndaşlarını işğal altında olan Qali bölgəsində saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə “Exo Kafkaza” məlumat yayıb.
Abxaziyanın qondarma təhlükəsizlik xidmətinin məlumatına görə, “dövlət sərhədini qanunsuz keçmə” kanalı müəyyən edilib və iki qrup xarici vətəndaş saxlanılıb.
“Bir qrupa iki Türkiyə vətəndaşı daxildir: əməliyyat məlumatlarına görə, Türkiyədə əvvəllər sifarişli qətl törətdiyinə görə İnterpol xətti ilə beynəlxalq nəzarətdə olan 1997-ci il təvəllüdlü Səlcuq Güren və qətl və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə axtarışda olan 2001-ci il təvəllüdlü Doğan Bersandır”, - deyə məlumatda bildirilir.
İdarədən verilən məlumata görə, mayın 26-da Azərbaycan vətəndaşları: 1974-cü il təvəllüdlü Əzizov Həsən Etibar oğlu və 1990-cı il təvəllüdlü Təhməzli Namaz Təhməz oğlu saxlanılıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, “onlar Gürcüstan ərazisində cinayət məsuliyyətindən yayınmaq üçün Abxaziya ərazisində gizlənməyə cəhd ediblər”.
Azərbaycan vətəndaşlarından fərqli olaraq, Dövlət Təhlükəsizliyi Xidməti Türkiyə vətəndaşlarının hara və hansı məqsədlə hərəkət etdiyini dəqiqləşdirmir.
Tbilisidə Abxaziya işğalçı rejimi tərəfindən əcnəbi vətəndaşların saxlanması ilə bağlı heç bir şərh verilməyib.


