"Soyadımı Qaytar” kampaniyasının Konstitusiya məhkəməsində müzakirəsi keçiriləcək
4-5 iyun tarixlərində "Soyadımı Qaytar” kampaniyasının Konstitusiya məhkəməsində müzakirəsi keçiriləcək.
InterPress.ge xəbər verir ki, bu barədə kampaniyanın təşəbbüskarı olan "Salam Patforması" bəyanat yayıb.
"Bildiyiniz kimi, “Salam Platforması” icma nümayəndələri ilə birlikdə bir neçə ildir “Soyadımı Qaytar” adlı advokatlaşdırma kampaniyasını həyata keçirir. Bu proses bir çox çətinliklərə, maneələrə və uğurlara şahidlik edib.
Son vaxtlar bu kampaniya üçün önəmli mərhələlərdən biri, Gürcüstan Konstitusiya Məhkəməsinə təqdim olunmuş şikayətdir. Bu şikayət, bizim doğma soyadlarımızı geri almaq üçün mövcud qanunvericiliyin Konstitusiyaya uyğun olub-olmamasını ilə bağlıdır. Əsas müzakirə 4–5 iyun tarixlərində baş tutacaq.
Bu məsələ yalnız hüquqi deyil, həm də tarixi əhəmiyyət daşıyır. Bu, Gürcüstanda yaşayan etnik azərbaycanlı icması ilə bağlı bir məsələni Konstitusiya Məhkəməsinin ilk dəfə bu formada və bu miqyasda müzakirə etməsidir. Bu, doğrudan da tarixi bir prosesdir və ölkənin yeni tarixində mühüm yer tutacaq – həm hüquqi, həm siyasi, həm də vətəndaş fəallığı baxımından. Bu, aşağıdan yuxarıya təşəbbüs edilən mübarizənin seçilmiş bir nümunəsidir.
Bu tarixi mübarizədə bizimlə olmaq istəyən hər kəsi 4–5 iyun tarixlərində Gürcüstan Konstitusiya Məhkəməsində gözləyirik.
Tarix yazılır – ya bizimlə, ya bizsiz. Gəlin, bu yeni tarixi birlikdə yazaq."- bəyanatda bildirilib.


