
Los-Ancelesin mərkəzində ikinci gecədir komendant saatı tətbiq olunur
ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərinin mərkəzində artıq ikinci gecədir ki, komendant saatı qüvvədədir.
InterPress.ge xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Los-Ancelesin meri Karen Bass sosial platforma X-də paylaşım edərək bildirib ki, komendant saatının məqsədi “prezidentin xaotik eskalasiyasından faydalanmağa çalışan pis niyyətli şəxslərin qarşısını almaqdır”:
“Əgər Los-Ancelesin mərkəzində yaşamırsınız və ya işləmirsinizsə, bu ərazidən uzaq durun və hüquq-mühafizə orqanlarının göstərişlərinə əməl edin. Vandalizm və zorakılıq yolverilməzdir.”
Mer əlavə edib ki, ötən gecə də bir neçə nəfər saxlanılıb.
Komendant saatı yerli vaxtla axşam saat 20:00-dan səhər saat 06:00-a qədər qüvvədədir.
Qeyd edək ki, Los-Ancelesdə keçirilən etiraz aksiyalarına bənzər aksiyalar ABŞ-ın digər iri şəhərlərində də təşkil olunur. Bu şəhərlər arasında Nyu-York, Çikaqo, Ostin və Vaşinqton da var.
Xatırladaq ki, Los-Anceles və ABŞ-ın digər şəhərlərində ABŞ-ın İmmiqrasiya və Gömrük İcra Xidmətinin (ICE) keçirdiyi reydlərə qarşı etiraz aksiyaları artıq bir neçə gündür davam edir.