12 
Iyn
2025
11:33
194

Aİ səfiri: üzv ölkələr arasında Gürcüstanla vizasız rejimin dayandırılması məsələsi müzakirə olunur

Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski Polşanın Baş naziri Donald Tuskun Gürcüstanla vizasız rejimin dayandırılması ilə bağlı bəyanatına münasibət bildirib.

Herçinski qeyd edib ki, artıq bir neçə ildir Gürcüstan Aİ ilə imtiyazlı münasibətlərdən faydalanır və vizasız rejim, sərbəst ticarət zonası bu əməkdaşlığın tərkib hissəsidir.

Onun sözlərinə görə, Gürcüstan 3 il əvvəl namizəd statusu üçün müraciət edib və bu status ona rəsmi şəkildə verilib. Lakin son bir il ərzində Aİ-Gürcüstan münasibətlərində problemlər yaranıb.

“Avropa İttifaqında artıq bir neçə aydır müzakirə olunur ki, Gürcüstan hakimiyyətinin qərarları, addımları və qəbul etdiyi qanunlara cavab olaraq üzv dövlətlər nə etməlidir. Sual yaranır: Gürcüstanın malik olduğu bu imtiyazlı münasibətlər nə dərəcədə əsaslandırılmışdır. Üzv dövlətlər arasında bu barədə müzakirələr aparılır və mümkün variantlardan biri də vizasız rejimin dayandırılmasıdır. Bu, üzv ölkələrin qərarından asılıdır və iki üçdəbir səs çoxluğu ilə qəbul olunmalıdır,” – deyə Herçinski bildirib.

O əlavə edib ki, hələlik üzv dövlətlərin əksəriyyəti vizasız rejimin dayandırılmasına qarşıdır:

“Bunun səbəbi çox sadədir – biz istəmirik ki, hakimiyyətin qərarlarına görə adi vətəndaşlar cəza alsın. Ona görə də bu mərhələdə vizasız rejimi yalnız diplomatik və xidməti pasport sahibləri üçün dayandırmaq qərarı verdik, adi vətəndaşlar üçün isə vizasız rejim qüvvədə qalır. Lakin müzakirələr davam edir. Bununla belə, sizi əmin edirəm ki, bu mərhələdə Gürcüstan vətəndaşları Aİ-yə vizasız səyahət edə bilirlər,” – deyə Aİ səfiri vurğulayıb.

Bizimlə əlaqə saxlayın