
“Gürcü Arzusu” parlamentdə “Qrantlar haqqında” qanuna edilən dəyişiklikləri yekun oxunuşda qəbul etdi
Gürcüstan parlamentində “Qrantlar haqqında” qanuna dəyişikliklər layihəsi üçüncü, yekun oxunuşda qəbul olunub.
InterPress.ge xəbər verir ki, “Gürcü Arzusu” partiyasının təqdim etdiyi qanun layihəsi parlamentdə keçirilən səsvermədə 84 səslə yekdilliklə təsdiqlənib.
Yeni qəbul edilən qanuna əsasən, Avropa İttifaqının “Horizon Europe” elmi-tədqiqat və innovasiya proqramı və “Erasmus+” proqramları çərçivəsində verilən qrantlar artıq hökumətin razılığını tələb etməyəcək.
Qanun layihəsi müzakirələr prosesində əlavə dəyişikliklərə məruz qalıb. Dəyişikliklərə əsasən, beynəlxalq donor təşkilatlarının və ya xarici ölkə hökumətlərinin texnologiya, xüsusi bilik, bacarıq, təcrübə və digər formalarda göstərdiyi texniki yardım artıq qrant olaraq tanınacaq. Bundan əlavə, qrantların verilə biləcəyi sahələr siyahısına müdafiə və təhlükəsizlik sahələri də əlavə olunub.
Yeni qanunda donor təşkilatların siyahısı da genişləndirilib və onlara “habelə digər beynəlxalq təşkilatlar” ifadəsi əlavə olunub. Bu isə istənilən beynəlxalq təşkilatın ayırdığı vəsaitlərin qrant kimi qəbul olunacağı deməkdir.
Sonda qəbul edilmiş qanuna görə, qrantların verilməsi üçün hüquqi əsas kimi donor və qrant alıcıları arasında bağlanan yazılı müqavilə və ya xarici donorun yazılı qərarı nəzərdə tutulur.
“Gürcü Arzusu”nun qəbul etdiyi hazırkı qanunvericiliyə əsasən, qrantların verilməsi üçün hökumət və ya hökumətin təyin etdiyi səlahiyyətli şəxsin orqanın razılığı tələb olunur. Razılıq olmadan verilən qrantları qəbul etmək qadağandır. İcazəsiz verilmiş və qəbul edilmiş qrantların monitorinqini isə Gürcüstanın Antikorrupsiya Bürosu həyata keçirəcək.