13 
Iyn
2025
06:31
205

İsrail İranın nüvə proqramına zərbələr endirdi: “Əməliyyat davam edəcək”

İsrail Müdafiə Qüvvələri (IDF) İranın nüvə proqramına qarşı hərbi əməliyyat başladığını elan edib. IDF-in sözçüsünün açıqlamasına görə, İsrail “profilaktik, dəqiq və kompleks zərbələr” endirir və bu hücumlar İran rejiminin İsrailə qarşı davam edən aqressiyasına cavabdır.

İsrail Hərbi Hava Qüvvələrinin onlarca qırıcısı hücumun ilk mərhələsini həyata keçirib və bu çərçivədə İranın müxtəlif bölgələrində yerləşən onlarla hərbi və nüvə hədəfləri vurulub.

IDF bəyan edib ki, İranın kütləvi qırğın silahları İsrail və dünya üçün “mövcud təhlükə” yaradır:

“İsrail dövlətinin başqa yolu yoxdur — vətəndaşlarını qorumaq üçün üzərinə düşən öhdəliyi yerinə yetirməlidir.”

İsrailin Baş naziri Benyamin Netanyahu isə bildirib ki, bu zərbələr “Yüksələn Şir” adlı əməliyyatın tərkib hissəsidir:

“İsrail 'Yüksələn Şir' əməliyyatına start verib — bu məqsədyönlü hərbi əməliyyat İranın yaratdığı təhlükənin azaldılmasına yönəlib. Əməliyyat lazım gəldiyi qədər davam edəcək. Son aylarda İran nüvə silahı yaratmaq üçün daha əvvəl atmadığı addımlar atıb. Əgər dayandırılmasa, İran çox qısa müddətdə nüvə silahına sahib ola bilər. Bu, aylar və ya bir ildən də az müddət ərzində baş verə bilər. Bu isə İsrailin mövcudluğu üçün açıq və real təhlükədir,” – deyə Netanyahu vurğulayıb.

İran mediasının məlumatına görə, paytaxt Tehranda partlayış səsləri eşidilib. Təhlükəsizlik tədbirləri çərçivəsində İmam Xomeyni adına beynəlxalq hava limanında bütün uçuşlar dayandırılıb. İran dövlət televiziyası bildirib ki, Tehranda İnqilab Keşikçiləri Qvardiyasının qərargahı da zərbəyə məruz qalıb.

İsrail fövqəladə vəziyyət elan edib və İranın mümkün qisas hücumuna hazırlaşdığını açıqlayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər