Netanyahu: “İsrail Xameneinin məhv edilməsini istisna etmir”
İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, İsrail İranın ali dini lideri Ayətullah Əli Xameneinin ləğvini istisna etmir.
“Bu, münaqişənin eskalasiyasına səbəb olmayacaq, əksinə, onu bitirəcək. Bu rejim artıq yarım əsrdir Yaxın Şərqdə münaqişə, terror və təxribat yayır. İran daimi müharibə istəyir və bizi nüvə müharibəsi həddinə gətirib çıxarır. Əslində, İsrail bu qarşıdurmanın qarşısını almaq üçün əlindən gələni edir və bunu ancaq şər qüvvələrinə qarşı mübarizə apararaq bacarırıq. Detallara varmadan deyə bilərəm ki, biz onların nüvə alimlərini hədəfə almışıq. Əslində, bu, Hitlerin nüvə elmi komandasına bənzəyir,” – deyə Netanyahu ABC News-a müsahibəsində bildirib.
Baş nazirin sözlərinə görə, İsrailin bu mübarizəsi ABŞ-ın da maraqlarına xidmət edir:
“Bu gün hədəfdə Tel-Əvivdir, sabah isə Nyu-York olacaq. ‘Amerika birinci yerdədir’ şüarını başa düşürəm, amma ‘ölü Amerika’ ideyasını anlaya bilmirəm. Onlar ‘Amerikaya ölüm’ şüarını səsləndirirlər. Biz bəşəriyyət üçün mübarizə aparırıq — bu, xeyirin şərə qarşı mübarizəsidir. Amerika xeyirin tərəfindədir. Donald Tramp da məhz bunu edir və onun dəstəyini yüksək qiymətləndirirəm. Biz təkcə öz düşmənimizə qarşı deyil, sizin düşməninizə qarşı da mübarizə aparırıq. Sadəcə, biz onların qarşısında dayanmışıq və bu təhlükə tezliklə Amerikaya da çata bilər,” – deyə Netanyahu vurğulayıb.


