18 
Iyn
2025
10:47
146

Böyük Britaniya səfirliyi Gürcüstan hökumətini bələdiyyə seçkiləri üçün ATƏT/ODİHR missiyasını dəvət etməyə çağırır

Böyük Britaniyanın Gürcüstandakı səfirliyi Gürcüstan hökumətinə müraciət edərək, 2025-ci ilin oktyabrında keçiriləcək yerli bələdiyyə seçkilərini müşahidə etmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ODIHR) missiyasını dəvət etməyə və 2024-cü il parlament seçkiləri ilə bağlı ODİHR-in yekun hesabatında yer alan tövsiyələrin hamısını nəzərə almağa çağırıb.

Səfirliyin yaydığı bəyanatda vurğulanır ki, Gürcüstan qanunvericiliyi müşahidəçi təşkilatların seçkiləri izləməsini nəzərdə tutur və bu, peşəkar və şəffaf seçki nəzarətinin əsas hissəsidir.

“Böyük Britaniya və Gürcüstan arasındakı əməkdaşlıq ortaq öhdəliklərə əsaslanır – demokratik prinsipləri möhkəmləndirmək və vətəndaş cəmiyyətinin rolunu dəstəkləmək. Bu öhdəliklər hər iki ölkə tərəfindən 2019-cu ildə imzalanmış Strateji Tərəfdaşlıq və Əməkdaşlıq Sazişində əks olunub. Sazişdə qeyd olunur ki, tərəflər demokratik institutların sabitliyi və effektivliyini, qanunun aliliyini, insan hüquqları və əsas azadlıqların qorunmasını təmin etməli, həmçinin məhkəmə islahatlarını təşviq etməlidir. Eyni zamanda, bu sənəd vətəndaş cəmiyyətinin Gürcüstan-Böyük Britaniya münasibətlərində iştirakını və inkişafını da dəstəkləməyi qarşıya məqsəd qoyur”, – deyə bəyanatda bildirilir.

Səfirlik qeyd edir ki, Böyük Britaniya illərdir Gürcüstanda vətəndaş cəmiyyətini, seçicilərin maarifləndirilməsi ilə bağlı fəaliyyətləri dəstəkləyir, beynəlxalq standartlara uyğun fəaliyyət göstərən yerli seçki müşahidə qruplarını maliyyələşdirir və ATƏT/ODİHR missiyalarında iştirak edir.

“Biz Gürcüstan hökumətini ATƏT/ODİHR missiyasını bələdiyyə seçkilərini müşahidə etməyə dəvət etməyə və 2024-cü il parlament seçkiləri ilə bağlı ODİHR-in yekun hesabatında verilmiş tövsiyələri nəzərə almağa çağırırıq. Gürcü xalqının arzusu demokratiya və azadlıq istiqamətindədir və ümid edirik ki, Böyük Britaniya və Gürcüstan arasındakı əməkdaşlıq, eləcə də Gürcüstanın Avropa institutları ilə tərəfdaşlığı bu məqsədə çatmağa daha da yardımçı olacaq”, – deyə bəyanatda vurğulanır.

Bizimlə əlaqə saxlayın