
Daha bir müxalifət lideri haqda həbs qərarı verildi
“Strategiya Aqmaşenebeli” partiyasının lideri Giorgi Vaşadze parlamentin müvəqqəti istintaq komissiyasının tələbinə əməl etmədiyinə görə məhkəmə tərəfindən təqsirli bilinib.
InterPress.ge xəbər verir ki, hakim Nino Qalustashvilinin qərarına əsasən, Vaşadzeyə 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Bundan əlavə, o, 2 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib.
Giorgi Vaşadze hökmün elanında iştirak etməyib. Vəkilin yekun söz mərhələsinə qədər iclasın təxirə salınması ilə bağlı vəsatətinə baxmayaraq, hakim qərarı elan edib.
Məlumata görə, Giorgi Vaşadze partiya qərargahında tərəfdaşları ilə birlikdə məhkəmə hökmünü gözləyib.
Qeyd edək ki, Giorgi Vaşadze Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasına izahat vermək üçün çağırılmışdı, lakin o, ifadə verməyə gəlməmişdi. Bu səbəbdən ona qarşı Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə ittiham irəli sürülmüşdü ki, bu da “parlamentin müvəqqəti istintaq komissiyasının tələbinin yerinə yetirilməməsi” deməkdir. Bu maddə üzrə cərimə və ya 1 ilə qədər həbs və ya vəzifə tutmaq və fəaliyyətlə məşğul olmaq hüququnun 3 ilə qədər məhdudlaşdırılması nəzərdə tutulur.
Giorgi Vaşadzeyə qarşı 50 000 lari məbləğində girov təyin olunmuşdu və o, bu məbləği qanunla müəyyən olunmuş müddətdə ödəyib.