
Giorgi Vaşadze partiya ofisində saxlanılıb
“Strategiya Aqmaşenebeli” partiyasının lideri Giorgi Vaşadze saxlanılıb.
InterPress.ge xəbər verir ki, məhkəmə qərarının açıqlanmasından sonra hüquq-mühafizə orqanları partiyanın ofisinə gələrək siyasətçini məhz orada həbs ediblər.
Vaşadzenin saxlanılması zamanı ofisdə olanlar “Oliqarxiyaya od verin!”, “Utanmırsınız?” kimi şüarlarla hüquq-mühafizəçilərə etiraz ediblər. Hadisə yerində müxtəlif müxalif partiyaların nümayəndələri də iştirak ediblər.
Xatırladaq ki, Giorgi Vaşadze Gürcüstan parlamentinin müvəqqəti istintaq komissiyasının çağırışına əməl etmədiyinə görə məhkəmə tərəfindən 7 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarına əsasən, o, 2 il müddətinə dövlət vəzifəsi tutmaq hüququndan da məhrum edilib. Qərarın elan olunduğu məhkəmə iclasında Giorgi Vaşadze iştirak etməyib.