
AŞPA vitse-prezidenti: “Gürcüstanla bağlı dərhal hərəkətə keçilməlidir, əks halda Qafqazda ikinci Belarusla qarşılaşacağıq”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti Knut Abraham Gürcüstanda baş verən hadisələrlə bağlı Avropa qurumlarını təcili hərəkətə keçməyə çağırıb.
Abrahamın sözlərinə görə, müxalif siyasətçilərin həbs olunması, cəmiyyətin qorxudulması, nümayişçilərin döyülməsi və saxlanılması “çox tanış səslənir” və bu, Rusiya və Belarusdakı vəziyyəti xatırladır.
“Biz bir çox halda repressiv qanunların qəbulunu sadəcə izlədik və gecikdik. İndi isə keçmiş səhvlərimizdən dərs çıxarmaq imkanımız var. Gürcüstanla bağlı da eyni səhvi etməməliyik, əgər Qafqazda ikinci Belarusun yaranmasını istəmiriksə. Gürcüstanda hər gün yeni bir müxalif siyasətçi həbs olunur. Gürcüstan Avropa Şurasının üzvü olaraq insan haqlarına hörmət və demokratiyanın müdafiəsi öhdəliyi götürüb. Buna görə də Avropa Şurasının Nazirlər Komitəsinə çağırış edirəm – qırmızı xətləri qoruyun və gec olmadan hərəkətə keçin!”, – deyə Knut Abraham bildirib.