Gürcüstan əhalisinin sayı açıqlandı - Qadınların sayı kişilərdən çoxdur
2024-cü il 14 noyabr tarixinə olan ilkin göstəricilərə görə, ölkə əhalisinin ümumi sayı 3 914 000 nəfər təşkil edib. Onlardan 2 078 000-i (53%) qadın, 1 836 000-i (47%) isə kişidir.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin (Sakstat) məlumatında qeyd olunub.
Sakstat bildirir ki, qadınların nisbəti Tbilisidə (56%) və Kutaisidə (55%) daha yüksək, Mtsxeta, Xaraqauli və Saqareco bələdiyyələrində isə nisbətən aşağıdır (49%).
Şəhər və kənd əhalisinin bölgüsünə gəlincə, 2 423 000 nəfər (62%) şəhərlərdə, 1 491 000 nəfər (38%) isə kənd yerlərində yaşayır. Tbilisidən sonra şəhərlərdə əhalinin payının yüksək olduğu region Acarıstan Muxtar Respublikasıdır (66%), ən aşağı göstəricilər isə Mtsxeta-Mtianeti (20%), Kaxeti (21%) və Raça-Leçxumi–Kvemo Svaneti (24%) bölgələrində qeydə alınıb.
Tbilisi ümumi əhalinin 34%-ni təşkil edir. İkinci və üçüncü yerləri İmereti (12.9%) və Kvemo Kartli (11.2%) regionları tutur.
2024-cü il əhalinin və kənd təsərrüfatı təsərrüfatlarının siyahıyaalması 14 noyabr – 31 dekabr tarixlərində aparılıb. Proses işğal altındakı ərazilər istisna olmaqla ölkənin bütün ərazisini əhatə edib və beynəlxalq metodologiyaya uyğun olaraq həyata keçirilib. Siyahıyaalma iki mərhələdə baş tutub: 14-23 noyabr tarixlərində özünü qeydiyyat (CAWI), 29 noyabr – 31 dekabr tarixlərində isə kompüter dəstəyi ilə fərdi müsahibə (CAPI) üsulu tətbiq olunub. Dağlıq və çətin keçilən ərazilərdə (Mestia, Kazbegi, Lenteçi, Axmeta və Duşeti rayonlarının bəzi inzibati vahidləri) isə məlumatların toplanması sentyabr ayında aparılıb.
Sakstat-ın açıqlamasına əsasən, ilkin aqreqat nəticələr 2025-ci il 25 iyun tarixində, ətraflı yekun nəticələr isə 2026-cı ilin iyununda dərc olunacaq. Yekun nəticələrə əhalinin sosial-demoqrafik göstəriciləri, məşğulluq və miqrasiya, yaşayış şəraiti və kənd təsərrüfatı fəaliyyəti ilə bağlı ətraflı məlumatlar daxil olacaq.


