10 
Iyl
2025
13:49
243

“Lelo – Güclü Gürcüstan” partiyasının Marneuli ofisində seçkilərlə bağlı brifinq keçirildi - VİDEO

Marneulidə yerləşən “Lelo – Güclü Gürcüstan” partiyasının ofisində brifinq keçirilib.

InterPress.ge xəbər verir ki, brifinqdə partiyanın Kvemo Kartli üzrə nümayəndəsi Aqil Mustafayev çıxış edərək qarşıdan gələn yerli özünüidarəetmə seçkiləri, siyasi proseslər və partiyanın mövqeyi barədə geniş məlumat verib.

Aqil Mustafayev bildirib ki, Gürcüstan növbəti tarixi mərhələyə daxil olur və ölkə yerli seçkilərə hazırlaşır. Onun sözlərinə görə, müxalif düşərgədə bəzi qüvvələr seçkiləri boykot etməyi təklif etsə də, “Lelo – Güclü Gürcüstan” bu prosesi mübarizə üçün əsas platforma hesab edir və seçkilərdə iştirak qərarını mübarizənin vacib hissəsi kimi qiymətləndirir.

“Biz uzun müddət müxalif partiyalarla birlik modeli yaratmaq üçün dialoqlar apardıq, mövqeləri yaxınlaşdırmağa çalışdıq. Təəssüf ki, vahid iştirak formatı mümkün olmadı. Bununla belə, digər müxalif partiyaların qərarlarına hörmətlə yanaşırıq və eyni münasibəti öz iştirak qərarımıza da gözləyirik. Gürcüstanda sağlam siyasi mühitin formalaşması üçün müxtəlif fikirlərə qarşı dözümlü münasibət əsas prinsip olmalıdır”, – deyə Aqil Mustafayev vurğulayıb.

O bildirib ki, boykot çıxış yolu deyil və əksinə, saxtakarlıq üzərində qurulmuş sistemi möhkəmləndirmək anlamına gəlir. Məqsəd meydanı tərk etmədən, xalqla birlikdə təşkilatlanaraq mübarizəni davam etdirməkdir.

“Seçkilərdə iştirak yalnız bir forma deyil – mübarizənin vacib platformasıdır. Amma bu o demək deyil ki, digər vasitələr kənarda qalmalıdır. Mübarizə bir istiqamətdə yox, çoxsahəli aparılmalıdır – küçədə, sosial mediada, beynəlxalq platformalarda və seçki məntəqələrində eyni zamanda davam etməlidir. Bugünkü şəraitdə dəyişiklik istəyən hər bir qüvvə bütün sahələrdə səfərbər olmalıdır”, – deyə o əlavə edib.

Aqil Mustafayev seçkilərin saxtalaşdırılması ilə bağlı suallara da cavab verərək qeyd edib ki, saxtakarlıq varsa, bu, mübarizənin zəruriliyini daha da artırır: “Mübarizədən uzaq durmaq deyil, əksinə, saxtakarlığı ifşa etmək və ona qarşı mübarizə aparmaq üçün daha çox səbəbdir. Əgər biz bu döyüşü yarımçıq qoysaq, gələcəyimizi əlimizdə olanlara təhvil vermiş olarıq.”

Brifinqdə həmçinin bildirilib ki, əvvəlki illərdə də saxtakarlıqlara baxmayaraq xalq mübarizə apararaq mühüm məqsədlərə nail olub və təzyiqlər sayəsində dəfələrlə dəyişiklik əldə olunub.

“Biz təkcə partiya olaraq deyil, həm də gələcək nəsillər qarşısında cavabdeh olduğumuzu anlayırıq. Bu səbəbdən mübarizəni yalnız siyasi deyil, həm də mənəvi borcumuz hesab edirik. Xüsusilə də, partiyamızın liderləri Mamuka Xazaradze və Badri Caparidze saxta ittihamlar və təqiblərə məruz qalıb. Bu, rejimin fərqli siyasi və ictimai fikrə qarşı susdurma siyasəti apardığını göstərir”, – deyə Mustafayev qeyd edib.

O vurğulayıb ki, ölkədə siyasi təqiblərə məruz qalan lider və fəalların azad edilməsi də onların mübarizəsinin ayrılmaz hissəsidir və sağlam siyasi rəqabət üçün vacibdir.

Sonda Aqil Mustafayev seçicilərə müraciət edərək bildirib: “4 oktyabr yalnız “yerli seçki” günü deyil – saxta rejimə qarşı böyük mübarizə günüdür. Bu gün Gürcüstan xalqının fərdi etirazı və rejimə verdiyi hökm günü olmalıdır. Gəlin mübarizədən qaçmayaq, meydanı boş buraxmayaq, rejimə öz gücümüzü həm meydanda, həm də seçki məntəqəsində göstərək!”

Bizimlə əlaqə saxlayın