"Şəxsi maraqlar kəndin iradəsini zəiflədə bilməyəcək" - Nurməmmədov kəndə baş verən gərginliyə münasibət bildirdi
İctimai və dini fəal Hacı Anar Nurməmmədov Qızılhacılı kəndində son günlər yaşanan hadisələrlə bağlı açıqlama verib.
Bu barədə A. Nurməmmədov InterPress.ge-yə müsahibə verib.
Nurməmmədov bildirib ki, Qızılhacılı kəndi uzun illərdir yol, su, kanalizasiya və digər sosial xidmətlər baxımından ciddi problemlərlə üz-üzədir və bu problemlərin həlli istiqamətində yerli rəhbərlik tərəfindən ciddi addım atılmayıb.
“Qızılhacılı Marneulinin kənarında yerləşən bir kənddir və illərdir dövlətə sədaqətlə xidmət edib. Lakin qarşılığında yetərli diqqət və qayğı görməyib. Gürcüstan büdcəsinin böyük hissəsini təmin edən bu bölgənin unudulması qərəzli görünür,” – deyə Nurməmmədov qeyd edib.
O, hazırda Qızılhacılıdan seçilmiş deputat Ceyhun Coydarova qarşı yönələn ittihamların və təzyiqlərin də məqsədli və siyasi xarakter daşıdığını vurğulayıb. Onun sözlərinə görə, bəzi dairələr kəndi yenidən xaosa sürükləməyə çalışır:
“Ceyhun Coydarovun ətrafında yaradılmağa çalışılan neqativ aura arxasında siyasi motivlər və şəxsi maraqlar dayanır. Məqsəd kəndin iradəsini zəiflətmək və Qızılhacılını yenidən passivliyə qaytarmaqdır. Amma Qızılhacılı xalqı ayıqdır və susmayacaq.”
Nurməmmədov rayon rəhbərliyini sərt tənqid edib və qeyd edib ki, problem dövlətin deyil, yerli icra strukturlarındadır:
“Biz dövlətimizdən razıyıq, ancaq rayon rəhbərliyindən ciddi şəkildə narazıyıq. Rayon rəhbərliyi xidmət tələbini yalnız sözdə deyil, əməldə göstərməlidir.”
Hacı Anar Nurməmmədov son günlər Qızılhacılıda kənd camaatının mərasim evinə yığılaraq məsələləri müzakirə etməsini də qeyri-məntiqi hesab edib. O bildirib ki, əgər məqsəd həqiqətən problemin həllidirsə, bunun üçün Marneuli meriyasında məsələ qaldırılmalı və konkret həll yolları tələb olunmalıdır:
“Mərasim evləri nə problemin həll yeridir, nə də qərar qəbul edən orqan. Əgər doğrudan da məqsəd problem həllidir, gəlin meriyanın qarşısına gedək və tələb edək.”
A. Nurməmmədov müsahibəsində kəndin adından danışan şəxsləri də hədəfə alıb və onları şəxsi maraqlarla kənd camaatını alət etməyə çalışmaqda günahlandırıb:
“Qızılhacılı camaatını öz oyunlarınıza alət edə bilməyəcəksiniz. Bu xalq oyuncaq olacaq tərəf yox, qərar verən tərəfdir! Bu kəndin taleyi gizli və pak olmayan niyyətlərlə həll olunmayacaq.”
Nurməmmədov yekunda Qızılhacılı xalqını həmrəyliyə və öz hüquqlarını müdafiə etməkdə daha fəal mövqe sərgiləməyə çağırıb.


