Mamuka Xazaradze: “Lelo-Güclü Gürcüstan” və Qaxaria komandası arasında memorandumu alqışlayıram”
Həbsdə olan “Lelo – Güclü Gürcüstan” partiyasının lideri Mamuka Xazaradze öz sosial şəbəkə hesabında yaydığı məktubda “Lelo – Güclü Gürcüstan” və Qiorgi Qaxaria komandası arasında imzalanmış birgə memorandumunu alqışladığını bildirib.
Xazaradzenin sözlərinə görə, boykot “Gürcü Arzusunun” yerli səviyyədə möhkəmlənməsini asanlaşdıracaq.
“Lelo – Güclü Gürcüstan” və Qaxaria komandası arasında birgə memorandumun imzalanmasını alqışlayıram.
Üç aydan sonra həlledici döyüş bizi gözləyir, buna görə də mütləqdir ki, müxalif seçicini seçkisiz qoymayaq və “Gürcü Arzusunun” bütün şəhərlərin və bölgələrin yerli nümayəndəliyini problemsiz ələ keçirməsinə şərait yaratmayaq. Çünki bu, bizim üçün son qələbə üçün vacib dayaq və platforma olacaq.
Gürcü xalqının əlindən aləti almamalıyıq. Boykot isə “Gürcü Arzusunun”, yəni Rusiyanın yerli səviyyədə möhkəmlənməsini asanlaşdıracaq. Bunu etmək olmaz. Xalqın və xüsusilə müxalif seçicinin hər səviyyədə qorunmaya ehtiyacı var – bu, bərabər olmayan vəziyyətə baxmayaraq əlavə mübarizə meydanıdır.
Bizim məqsədimiz dəyişməzdir – yeni parlament seçkilərinə nail olmaq və vicdan məhbuslarının azadlığa buraxılması! Bu ruhda bu memorandum imzalandı. Məqsədimiz birdir – mübarizənin həmişə mənası var və heç bir yeri rus qüvvələrinə döyüşsüz buraxmamalıyıq.
“Lelo – Güclü Gürcüstan” olaraq biz həmişə birliyin təşəbbüskarları olmuşuq. Bu gün ölkə tamamilə rus siyasətinin əsarətindədir və hər bir şəxsi məsələni kənara qoyub birlikdə mübarizə haqqında düşünməliyik. Bu memorandum da məhz bunun sübutudur.
Hamını bu mübarizəyə qoşulmağa çağırıram! Biz gürcü xalqının qələbəsinə inanırıq – birlikdə mübarizə ilə bu qaçılmazdır!” – deyə Xazaradze yazıb.
Xatırladaq ki, “Qaxaria Gürcüstan üçün” və “Lelo – Güclü Gürcüstan” partiyaları yerli özünüidarəetmə seçkiləri ilə bağlı əməkdaşlıq barədə razılığa gəliblər. Memoranduma “Qaxaria Gürcüstan üçün” partiyasının icraçı katibi Berdia Siçinava və “Lelo – Güclü Gürcüstan”ın baş katibi İrakli Kupradze imza atıblar. Berdia Siçinavanın sözlərinə görə, partiyalar yerli seçkilərdə ortaq mübarizə və prinsiplər üzərində razılığa gəliblər.


