BMT Təhlükəsizlik Şurası Suriyadakı münaqişəni müzakirə edəcək – İsrail və Suriya arasında gərginlik artır
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bu gün Suriyada baş verən son hadisələri müzakirə etmək üçün toplanacaq.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb.
İsrail çərşənbə günü Dəməşqə hava zərbələri endirib. Zərbələr nəticəsində Suriyanın Müdafiə Nazirliyinin bir hissəsi və prezident sarayının yaxınlığındakı ərazilər dağıdılıb. İsrail həmçinin bildirib ki, əgər hökumət qüvvələri Suriya cənubunda yerləşən Druzi azlıqlarına hücumlarını dayandırmasalar və Süveyda vilayətini tərk etməsələr, onları məhv edəcək.
“İsrail Müdafiə Qüvvələri Druzi qardaşlarımızı xilas etmək və rejimin silahlı dəstələrini məhv etmək üçün fəaliyyət göstərir”, – deyə İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib.
Suriya Xarici İşlər Nazirliyi isə İsraili “xain aqressiyada” ittiham edib.
ABŞ-ın dövlət katibi Marko Rubio isə bildirib ki, döyüş əməliyyatlarının tezliklə dayandırılması gözlənilir: “Biz Suriyadakı toqquşmalara cəlb olunmuş bütün tərəflərlə əlaqədəyik. Bu axşam bu dəhşətli və narahatedici vəziyyətin sona çatması üçün konkret addımlar barədə razılığa gəldik”.
Suriya Xarici İşlər Nazirliyi ABŞ və ərəb tərəfdaşlarının böhranı sülh yolu ilə həll etmək səylərini alqışladığını bildirib.
İsrail tərəfi isə atəşkəslə bağlı təklifə hələ rəsmi cavab verməyib.
Suriya dövlət informasiya agentliyi “SANA”nın məlumatına görə, Suriya ordusu artıq Süveyda bölgəsindən geri çəkilməyə başlayıb.
“Reuters” qeyd edir ki, cari həftə ərzində Süveyda şəhəri və onun ətrafında Druzi silahlıları ilə hökumət təhlükəsizlik qüvvələri və bədəvi tayfaları arasında baş vermiş qarşıdurmalarda onlarla insan həlak olub.


