Batumi restoranında Türkiyə vətəndaşının qətlində iştirak edən iki nəfər saxlanıldı
Batumidə, restoranlardan birində baş vermiş Türkiyə vətəndaşının qətl hadisəsi ilə bağlı iki Türkiyə vətəndaşı saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Acarıstan Polis Departamentinin əməkdaşları isti izlərlə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2003-cü il təvəllüdlü A.E. və 1998-ci il təvəllüdlü M.C. saxlayıblar.
Məlumata əsasən, A.E.-yə qarşı “qəsdən adam öldürmə” və “qanunsuz odlu silah əldə etmə, saxlama və gəzdirmə”, M.C.-yə isə “xüsusilə ağır cinayət haqqında məlumat verməmək” və “sərhədi qanunsuz keçmək” ittihamları irəli sürülüb.
İstintaq müəyyən edib ki, A.E. Batumidə yerləşən restoranlardan birində, Türkiyə Respublikasının 1976-cı il təvəllüdlü vətəndaşı H.T.-ni Türkiyədə başlayan münaqişə zəminində odlu silahla güllələyərək hadisə yerindən qaçıb.
İstintaq həmçinin müəyyən edib ki, A.E.-nin yanında olan və cinayətin şahidi olmuş M.C. hüquq-mühafizə orqanlarına bu barədə məlumat verməyib.
Polis hər iki şəxsi isti izlərlə saxlayıb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə), 236-cı (qanunsuz silah dövriyyəsi), 376-cı (xüsusilə ağır cinayət haqqında məlumat verməmək) və 344-cü (sərhədi qanunsuz keçmək) maddələri üzrə aparılır.


