Tbilisidə yaşauış binası qarşısında baş verən qarşıdurmada ümumilikdə 17 nəfər saxlanılıb
Tbilisinin Tvalçrelidze küçəsində həyata keçirilən çıxarılma prosesi zamanı ümumilikdə 17 nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən məlumat verilib.
Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi – polisə qarşı itaətsizlik əsasında məsuliyyətə cəlb olunublar.
Məlumata görə, saxlanılanlar arasında vətəndaş cəmiyyətinin fəalları ilə yanaşı, həmin ünvanda yaşayan bir neçə sakin də var.
Xatırladaq ki, bu gün səhər saatlarından etibarən Tvalçrelidze küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasından sakinlərin çıxarılması prosesi başlayıb. Əraziyə polis əməkdaşları və Gürcüstanın İcra Xidmətinin nümayəndələri cəlb olunub.
Sakinlərin sözlərinə görə, çıxarılma prosesi binanın sahibi olan şəxsin iddiası əsasında həyata keçirilir. Onun bildirdiyinə görə, bina qəzalı vəziyyətdədir və boşaldılmalıdır. Çıxarılma zamanı ərazidə dəfələrlə gərginlik və qarşıdurmalar yaşanıb.


