Son 24 saat ərzində Gürcüstanda narkotik cinayətinə görə 34 nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyi son 24 saat ərzində narkotiklərlə bağlı cinayət əməllərinə görə 34 nəfərin saxlanıldığını açıqlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze brifinq zamanı məlumat verib.
Onun sözlərinə görə, saxlanılan şəxslərin əksəriyyəti iri narkosatıcılar olub, bir hissəsinə isə xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı irəli sürülüb. Saxlanılanlar arasında həm Gürcüstan, həm də digər ölkələrin vətəndaşları var.
„Daxili İşlər Nazirliyi narkotiklərin qanunsuz dövriyyəsi və yayılmasına qarşı barışmaz mübarizəni ölkə miqyasında davam etdirir. Dünən hüquq-mühafizə orqanları Tbilisi və regionlarda daha bir uğurlu əməliyyat həyata keçirdilər. 34 nəfər narkotik cinayətinə görə saxlanılıb, onların böyük hissəsi iri satıcılar, digərlərinə isə qanunsuz əldə etmə və saxlama ittihamı irəli sürülüb.
Məhkəmə qərarları əsasında saxlanılan şəxslərdən dəfələrlə nəzarətli narkotik alışları həyata keçirilib və bu alışlar gizli audio-video çəkilişlə sənədləşdirilib.
Axtarışlar zamanı saxlanılanların üzərindən və yaşayış yerlərindən sübut kimi müxtəlif növ və xüsusilə böyük miqdarda narkotik maddələr – o cümlədən fentanil, heroin, metadon, suboxone, marixuana və digərləri götürülüb.
Həmçinin istintaq zamanı saxlanılanların qanunsuz satışa çıxardıqları narkotik vasitələr, satışdan əldə edilmiş pul vəsaiti, qeydiyyatsız odlu silahlar və döyüş sursatı da sübut kimi ələ keçirilib.
Məlum olub ki, saxlanılan şəxslər narkotiklərin yayılması üçün müxtəlif üsullardan istifadə ediblər – birbaşa əlbəəl satma və ya tərk edilmiş yerlərdə gizlətmə üsulu ilə satış həyata keçirilib.
Qeyd olunan cinayətlərə görə qanunvericilik 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Aleksandre Daraxvelidze əlavə edib ki, narkotik cinayətləri ilə mübarizə Daxili İşlər Nazirliyinin əsas prioriteti olaraq qalır və nazirlik bu istiqamətdə sərt tədbirləri davam etdirəcək. Nazirlik narkotiklərlə mübarizəyə dair görülən tədbirlər barədə ictimaiyyəti məlumatlandırmağı davam etdirəcək.


