31 
Iyl
2025
12:45
383

17 yaşlı qızın qaçırılması ilə bağlı iki nəfər saxlanılıb

 

Qvemo Kartli bölgəsində azyaşlı qızın zorla ərə verilməsi məqsədilə azadlıqdan məhrum edilməsi faktı ilə bağlı iki şəxs saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Bolnisi Rayon Polis İdarəsinin əməkdaşları operativ axtarış və istintaq tədbirləri nəticəsində 1998-ci il təvəllüdlü B.İ. və 1995-ci il təvəllüdlü Q.İ.-ni qrup halında azadlıqdan qanunsuz məhrum etmə ittihamı ilə saxlayıblar.

İstintaqla müəyyən edilib ki, Bolnisi bələdiyyəsində B.İ. – qardaşının köməyi ilə, 2006-cı il təvəllüdlü qızı zorla ərə vermək niyyətilə azadlıqdan qanunsuz məhrum edib. Hadisənin motivi kimi qadın və kişi bərabərliyinə qarşı dözümsüzlük göstərilir.

Hüquq-mühafizə orqanları daxil olmuş məlumat əsasında dərhal əməliyyat keçirib və həmin gün qaçırılmış qızın yerini müəyyən edərək onu xilas edib, B.İ. və Q.İ.-ni saxlayıb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsinin “a” bəndi ilə – qrup halında azadlıqdan qanunsuz məhrum etmə – üzrə aparılır. Bu cinayətə görə 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın