05 
Avq
2025
14:43
293

“Lelo – Güclü Gürcüstan” partiyası: “Vizaların ləğvi Kutaisi hava limanının bağlanmasına və minlərlə iş yerinin itirilməsinə səbəb ola bilər”

“Lelo – Güclü Gürcüstan” partiyasının xarici əlaqələr üzrə katibi Qriqol Geqelia bildirib ki, əgər Gürcüstan vizasız rejimi itirərsə, Kutaisi beynəlxalq hava limanı faktiki olaraq bağlanmaq təhlükəsi ilə üzləşəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Geqelia bu gün keçirdiyi brifinqdə danışıb.

Onun sözlərinə görə, viza rejiminin dayandırılması minlərlə insanın işini itirməsinə, dövlət büdcəsinə daxil olan gəlirin azalmasına və eyni zamanda, turizm sektoruna ciddi zərbə vuracaq:

“Bu gün Gürcüstanı elə bir hökumət idarə edir ki, açıq şəkildə öz xalqının əleyhinə mübarizə aparır. Bunun daha bir sübutu Kutaisi hava limanının taleyidir. Əgər qeyri-legitim rejimin həyata keçirdiyi antidemokratik siyasət nəticəsində vizasız rejimi itirsək, hava limanı bağlanmaq təhlükəsi ilə üzləşəcək. Biz artıq xatırlayırıq ki, bu hakimiyyət Kutaisini dəfələrlə inkişaf imkanlarından məhrum edib. İndi isə Kutaisi ən böyük gəlir mənbəyi olan hava limanını da itirmək üzrədir.”

Geqelia qeyd edib ki, hökumət hava limanını inkişaf etdirmək, onun ətrafında logistik mərkəz yaratmaq və minlərlə yeni iş yeri açmaq əvəzinə, Gürcüstanı viza liberallaşdırmasının ləğvi təhlükəsi ilə üz-üzə qoyur:

“Hazırda Kutaisidən 30-dan çox birbaşa reys yerinə yetirilir və onların 24-ü Avropa ölkələrinədir. Əgər vizasız gediş-gəliş ləğv olunarsa, bu, milyonlarla Gürcüstan vətəndaşını Avropa ilə sərbəst əlaqə imkanından məhrum edəcək. Kutaisidə isə minlərlə iş yerinin ləğvinə, büdcəyə daxil olan vəsaitin azalmasına və turizm sektorunun ciddi zərbə almasına səbəb olacaq. Bu, “Gürcü Arzusu”nun yerinə yetirilməmiş vədləri deyil, məhv edilmiş gələcək perspektivlərin nəticəsidir.”

Geqelia əlavə edib ki, bu hakimiyyət Anakliya layihəsini sıradan çıxarıb, minlərlə yeni iş yerinin yaranmasının qarşısını alıb, iqtisadiyyatı zəiflədib və 13 il ərzində heç bir iri investor və layihə gətirə bilməyib:

“Əksinə, onlar mövcud olanı da məhv edirlər. Bu ziyanlı siyasət artıq Kutaisiyə də çatıb – minlərlə iş yerinə, büdcəyə daxil olan böyük gəlirlərə və ən əsası, hər bir gürcünün Avropaya sərbəst səyahət və sosial-iqtisadi əlaqə imkanına zərbə vurulub. Avropa iqtisadiyyatının dəyəri 18 trilyon avrodur və burada 450 milyon insan yaşayır. Məhz buna görə də, etiraz, mübarizə və beynəlxalq təzyiq yolu ilə hər bir vətənpərvər gürcü əlindən gələni etməlidir ki, bu anti-gürcü rejimin hakimiyyəti sona çatsın və Kutaisidə, Zuqdidi, Telavidə və ümumilikdə, ölkədə keçiriləcək yeni parlament seçkiləri ilə milli, xalqın və inkişafın tərəfində olan hökumət formalaşsın.” – deyə Qriqol Geqelia vurğulayıb.

Bizimlə əlaqə saxlayın