Mixeil Kavelaşvili: Gürcüstan və Türkiyə regional, iqtisadi və enerji əməkdaşlığını daha da dərinləşdirəcək
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə brifinqdə bildirib ki, müasir dünyada baş verən proseslər fonunda əsas diqqət regional, ticarət-iqtisadi və nəqliyyat-enerji əməkdaşlığının dərinləşdirilməsi perspektivlərinə yönəlib.
“Türkiyə Respublikası Gürcüstanın bir nömrəli ticarət tərəfdaşıdır. Biz mövcud potensialdan daha səmərəli istifadə etmək üçün ikitərəfli ticarətin inkişafı istiqamətində atıla biləcək addımları müzakirə etdik. Məqsədimiz Gürcüstandan ixracı artırmaq və azad ticarət sazişini hər iki tərəf üçün bərabər faydalı etməkdir,” – deyə Kavelaşvili bildirib.
O, həmçinin görüşdə “Orta Dəhliz” konsepsiyasının əhəmiyyəti və bu çərçivədə Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, Bakı–Tbilisi–Qars dəmir yolu və Cənub Qaz Dəhlizi layihələrinin xüsusi rolunun vurğulandığını qeyd edib.
Kavelaşvili görüşdə mədəniyyət, təhsil və xalqlar arasında əlaqələrin inkişafı imkanlarının da müzakirə olunduğunu bildirib.
“Bugünkü görüş bir daha təsdiqlədi ki, xalqlarımızın rifahı naminə strateji tərəfdaşlığımızı dərinləşdirmək və konkret nəticələr əldə etmək üçün siyasi iradəmiz çox güclüdür. Səmimi qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm,” – deyə Mixeil Kavelaşvili vurğulayıb.


