Donald Tramp: “Rusiya və Ukrayna arasında müharibənin bitməsi üçün ən yaxşı yol birbaşa sülh sazişidir”
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya və Ukrayna arasındakı müharibənin sona çatdırılmasının ən düzgün yolu sadəcə atəşkəs razılaşması deyil, birbaşa sülh sazişidir.
“Alaskada əla və uğurlu gün keçirdik! Rusiya Prezidenti Vladimir Putinlə görüş yaxşı keçdi, eləcə də gecəyarısı Ukrayna Prezidenti Zelenski və müxtəlif Avropa liderləri, o cümlədən NATO-nun çox hörmətli baş katibi ilə telefon danışığı. Hamı razıdır ki, Rusiya və Ukrayna arasındakı dəhşətli müharibənin sona çatması üçün ən yaxşı yol birbaşa sülh sazişidir, atəşkəs sazişi yox. Çünki atəşkəs çox vaxt işləmir”, – deyə Tramp Truth Social-də yazıb.
Onun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüş bazar ertəsi Ağ Evdə baş tutacaq.
“Əgər hər şey yaxşı getsə, bundan sonra Prezident Putinlə görüş planlaşdırılacaq. Ola bilsin, milyonlarla insanın həyatı xilas olunsun”, – bildirib ABŞ Prezidenti.


