Gürcüstanda nadir xəstəliklərin müalicəsi proqramı genişləndirildi
Gürcüstan hökuməti nadir xəstəliklərin müalicəsi üzrə dövlət proqramını genişləndirir.
InterPress.ge xəbər verir ki, yeni dəyişikliklərə əsasən, sistik fibroz xəstəliyindən əziyyət çəkən pasiyentlər üçün dövlət tərəfindən inhalyasiya preparatları, antibiotiklər, vitaminlər və digər dərman vasitələri alınacaq. Onlar üçün stasionar xidmətlərin maliyyələşdirilməsi də artırılıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, nazir Mixeil Sarcveladze bu barədə məlumatı pasiyentlərin ailə üzvlərinə şəxsən çatdırıb. Görüşlər Kutaisidə və Tbilisidə keçirilib. Nazir valideynlərlə gələcək planlar barədə də danışıb və onların ehtiyaclarını nəzərə almağın vacibliyini vurğulayıb.
Məlumata əsasən, proqram çərçivəsində pasiyentlər üçün maliyyələşdiriləcək dərmanlar bunlardır:
Antibiotiklər: Tobramisin və Kolomisin
Yağda həll olunan vitaminlər kompleksi (A, D, E, K)
Mukonlar (hipertonik məhlul) – 3% və 6%-lik
Kombinə olunmuş preparat: İpratropium bromid monohidrat və Fenoterol hidrobromid
Asetilsistein (mukolitik və bəlğəmgətirici)
Ursodezoksixol turşusu (hepatoprotektor)
Nazirliyin məlumatına görə, bu dərman vasitələri pasiyentlərin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq, xəstəliyin idarə olunmasına, ağırlaşmaların qarşısının alınmasına və müalicənin nəticələrinin yaxşılaşmasına yardım edəcək. Dərman təminatına oktyabr və noyabr aylarında başlanacaq.
Görüşlərdə səhiyyə nazirliyi rəsmiləri ilə yanaşı, parlamentin Səhiyyə və Sosial Məsələlər Komitəsinin sədri Zaza Lominadze və həkimlər də iştirak ediblər.
Xatırladaq ki, sistik fibroz irsi-genetik, proqressiv xəstəlikdir. Bu zaman orqanizmin ifraz etdiyi selik sıxlaşır və xəstələrdə tez-tez təkrarlanan tənəffüs yolları infeksiyalarına səbəb olur.
Bu, 2025-ci ildə nadir xəstəliklər üzrə dövlət proqramına edilən ikinci dəyişiklikdir. İyul ayında nazirlik bölgələrdə yaşayan dağınıq skleroz xəstələri üçün dərman və müayinələrin maliyyələşdirilməsinə başlamışdı.
Proqramın ümumi büdcəsi 55 milyon lari təşkil edir.


