Levan Xabeişvili barəsində həbs qətimkan tədbiri seçilib
Milli Hərəkat Partiyasının Siyasi Şurasının sədri Levan Xabeişvili barəsində həbs qətimkan tədbiri seçilib.
InterPress.ge xəbər verir ki, qərar Tbilisi Şəhər Məhkəməsinin hakimi tərəfindən qəbul edilib.
Bundan əvvəl müdafiə tərəfi hakim Pikria Sikturaşvilinin diskvalifikasiya edilməsini istəyib. Vəkilin sözlərinə görə, adıçəkilən hakim Xabeişvilinin saxlanması ilə bağlı qərar çıxarıb və artıq öz mövqeyini açıqlayıb. İttiham tərəfi hakimin məhkəmədən kənarlaşdırılması ilə bağlı vəsatətlə razılaşmayıb. Hakim də müdafiə tərəfinin vəsatətini təmin etməyib.
Eyni zamanda məhkəmənin yaxınlığında Levan Xabeişvilinin tərəfdarları və Milli Hərəkatın nümayəndələri də toplaşıb.
Levan Xabeişvili sentyabrın 11-də Dövlət Təhlükəsizlik Xidməti tərəfindən məmurlara açıq-aşkar rüşvət vəd etmək ittihamı ilə həbs edilib. Bu gün Gürcüstan Prokurorluğunda keçirilən brifinqdə bildirilib ki, Xabeişviliyə qarşı dövlət hakimiyyətinin devrilməsinə çağırış kimi başqa bir maddə ilə ittiham irəli sürülüb.
“Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin apardığı araşdırma müəyyən edib ki, 2025-ci ilin avqust və sentyabr aylarında “Vahid Milli Hərəkat”ın Siyasi Şurasının sədri Levan Xabeişvili sistemli şəkildə ictimai məkanda – televiziya və sosial şəbəkələrdə müraciətlər yayıb və nazirliyin Xüsusi Departamentinin əməkdaşlarına əgər onlar təlim və məşğələlərdən keçməkdən, xidməti vəzifələrini yerinə yetirməkdən imtina etsələr və zərurət yarandıqda qanunla icazə verilən xüsusi vasitələrdən istifadə etməsələr 200 min ABŞ dolları məbləğində rüşvət verəcəyini vəd edib, eyni zamanda, Levan Xabeişvili rəsmi fəaliyyətləri ilə bağlı məlumat və məxfi materialları təqdim edən polis əməkdaşlarına rüşvət kimi göstərilən külli miqdarda pulu da açıq şəkildə vəd edib.
Eyni iş üzrə əldə edilmiş əlavə sübutlara əsasən, Levan Xabeişviliyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin dövlət hakimiyyətini devirməyə açıq çağırış nəzərdə tutan 317-ci maddəsi ilə ittiham irəli sürülüb. 2025-ci ilin iyun ayından etibarən təqsirləndirilən şəxs sistematik olaraq vətəndaşları dövlət hakimiyyətini devirmək kimi hərəkətlərə çağırıb", - deyə bildirilib.


