20 
Sen
2025
19:25
445

Marneuli Mədəniyyət Evində Azərbaycan Milli Musiqi Gününə həsr olunmuş bədii gecə keçirilib

18 sentyabr 2025-ci il tarixində “İnkişaf və Təhsil Mərkəzi”, "GASU" və "SARAL İnkişaf və Təhsil Mərkəzi"nin birgə təşkilatçılığı ilə Marneuli Mədəniyyət Evində Azərbaycan Milli Musiqi Gününə həsr olunmuş bədii gecə keçirilib.

InterPress.ge xəbər verir ki, tədbir Buta rəqs ansamblının üzvü Mələk Hümbətovanın "Sarı gəlin" rəqsi və Mahirə Durmuşovanın ifası ilə açılıb.

Daha sonra “İnkişaf və Təhsil Mərkəzi”nin direktoru Emin Əhmədov çıxış edərək iştirakçıları salamlayıb. O, çıxışında günün əhəmiyyətindən bəhs edib, Azərbaycan milli musiqisinin zənginliyinin qorunması və gənc nəsilə ötürülməsinin vacibliyini vurğulayıb.

Həmçinin Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Cavid Məhərrəmov çıxış edərək səfir Faiq Quliyevin adından tədbir iştirakçılarını təbrik edib və bu günün həm Azərbaycan milli musiqisinə, həm də dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum gününə həsr olunmasının xüsusi önəm daşıdığını qeyd edib.

Daha sonra "Saral İnkişaf və Təhsil Mərkəzi"nin meneceri, Sara İsgəndərova Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı haqqında məlumat verib. Serqo Zakariadze adına Tbilisi Bələdiyyə Ənənəvi və Müasir İncəsənət Kollecinin direktoru xanım Mzia Aprodonidze tədbirin önəmindən danışdı, iştirakçılara uğurlar arzu edib.

Tədbirdə Tea House-un nəzdində Mahirə Durmuşovanın bədii rəhbərliyi ilə fəaliyyət göstərən Uşaq xoru “Azərbaycanım” və "Saral İnkişaf və Təhsil Mərkəzi"nin nəzdində fəaliyyət göstərən xor qrupu "Şən Azərbaycan" mahnısını ifa ediblər.

Xoreoqraf Keti Kopilaşvilinin rəhbərliyi ilə fəaliyyət göstərən “BUTA” rəqs ansamblı “Nəlbəki” rəqsini, xoreoqraf Tinatin Koiavanın rəhbərliyi ilə Serqo Zakariadze adına Tbilisi Bələdiyyə Ənənəvi və Müasir İncəsənət Kollecinin “GE Folk” qrupu isə “Üzüm” rəqsini təqdim ediblər.

Tədbirin irəliləyən dəqiqələrində Ramin Pirməmmədov tarda “Azərbaycan”, Nurlan Xansultanov sazda “Bəhri-divani”, skripkaçı Marqarita Çernışevskaya isə “Синяя вечность” əsərini səsləndiriblər.

Daha sonra Nuranə Abuzərova klassik xalq musiqilərindən olan “Bu gün ayın üçüdür” mahnısını ifa edib.

Bədii gecə skripkaçı Marqarita Çernışevskayanın ifasında “Küçələrə su səpmişəm” əsəri ilə başa çatıb.

Tədbirin aparıcılığı Arzu Əliyeva tərəfindən həyata keçirilib.

Tədbirdə dövlət və qeyri-dövlət nümayəndələri, incəsənət xadimləri, ictimaiyyət və gənclər iştirak ediblər.

Bizimlə əlaqə saxlayın